Zelenskinin xəbərdarlığından sonra Rusiya Kiyevə ballistik raketlərlə zərbələr endirdi
Rusiya Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvanın genişmiqyaslı hücuma hazırlaşdığı barədə xəbərdarlığından bir neçə saat sonra cümə axşamı səhər tezdən Kiyev və Ukraynanın digər şəhərlərinə raket zərbələri endirib.
AFN.az xəbər verir ki, hücum Zelenskinin ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirdiyi görüşdən bir gün sonra baş verib. Ukrayna lideri görüşdə dörd ildən artıqdır davam edən müharibə şəraitində Rusiyanın hücumlarının qarşısını almaq üçün əlavə hava hücumundan müdafiə sistemləri istəyib.
Paytaxtın hərbi administrasiyasının yaydığı məlumata görə, Kiyevə edilən hücum nəticəsində azı 1 nəfər həlak olub. Ukrayna Hərbi Hava Qüvvələri paytaxta yönələn ballistik raketlərlə yanaşı, Dnepro və Krivıy Rih şəhərlərinin də hədəf alındığını açıqlayıb.
Hərbi Hava Qüvvələri strateji bombardmançı təyyarələrdən çoxsaylı qanadlı raketlərin buraxıldığı barədə yerli vaxtla cümə axşamı səhər əhaliyə xəbərdarlıq edib. Həmçinin Rusiyanın cənubundakı Novorossiysk bölgəsindən də qanadlı raket buraxılışlarının qeydə alındığı bildirilib.
Krivıy Rih yaxınlığındakı Raduşne kəndinə endirilən zərbədən sonra yayılan görüntülərdə dağılan binanın dağıntıları altında meyitlərin olduğu və ərazidə yanğınların davam etdiyi görünür.
İlk hücum dalğasından sonra Ukrayna Hərbi Hava Qüvvələri Kiyev istiqamətində daha çox ballistik raketin hərəkət etdiyini açıqlayıb. Kiyev meri Vitali Kliçko təhlükənin davam etdiyini bildirərək sakinləri sığınacaqlarda qalmağa çağırıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə ailələrin Kiyev metrosunun izdihamlı stansiyalarına sığındığı, bəzilərinin isə yorğanların altında və kiçik çadırlarda gecələdiyi əks olunub. Polşa Silahlı Qüvvələri isə hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə döyüş təyyarələrinin havaya qaldırıldığını açıqlayıb.
Hücum Zelenskinin Ukrayna Hərbi Hava Qüvvələrindən Rusiyanın ölkənin bütün bölgələrinə qarşı genişmiqyaslı hücuma hazırlaşdığı barədə məlumat aldıqlarını açıqlamasından qısa müddət sonra baş verib. Ukrayna Prezidenti belə bir hücumun baş vermə ehtimalının yüksək olduğunu bildirmişdi.




