Çin İrana raket buraxılış sistemləri göndərəcəyi iddialarını təkzib etdi
Çin hökuməti İranın yaxın həftələrdə Çin istehsalı olan təxminən 400 ədəd daşınan hava hücumundan müdafiə raket sistemi alacağı ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb.
AFN.az xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Pekində keçirdiyi gündəlik mətbuat konfransında ölkəsinin İrana raket buraxılış sistemləri göndərəcəyi barədə yayılan məlumatlara münasibət bildirib.
Sözçü "Bu xəbərlər doğru deyil və heç bir real əsası yoxdur" deyərək, Çinin hər zaman sülhün və münaqişələrin sona çatmasının tərəfdarı olduğunu vurğulayıb.
Pakistan da iddiaları rədd edib.
Pakistan da bir gün əvvəl yaydığı açıqlamada sözügedən hərbi yüklərin ölkə ərazisindən tranzit qaydada daşınacağına dair xəbərləri qəti şəkildə təkzib edib.
Xarici mediada yayılan xəbərlərdə Çin istehsalı olan təxminən 400 ədəd daşınan hava hücumundan müdafiə raket sisteminin Pakistan üzərindən İrana çatdırılacağı və ilk tədarükün yaxın həftələrdə həyata keçiriləcəyinin gözlənildiyi iddia olunmuşdu.
