Keniyada 14 filin sirli ölümü ilə bağlı təcili araşdırma başlanıb


Keniya hakimiyyəti ölkənin cənubundakı Amboseli Milli Parkı ərazisində 14 filin tələf olması ilə bağlı təcili araşdırmaya başlayıb.

AFN.az xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.

Keniya Yabanı Təbiət Xidməti (KWS) mütəxəssislərin heyvanların qalıqlarını tədqiq etdiyini bildirib. Ölüm səbəbini müəyyən etmək üçün toxuma nümunələri artıq laboratoriyalara göndərilib — ehtimal olunan versiyalar arasında yoluxucu xəstəliklər, zəhərlənmə və ya digər amillər nəzərdən keçirilir.

Tələf olmuş fillər Keniya və Tanzaniya sərhədində yerləşən və zəngin faunası ilə tanınan Amboseli ekosisteminin müxtəlif yerlərində aşkar edilib. KWS-nin məlumatına görə, cəsədlər milli parkın sərhədlərindən 15-30 kilometr aralıda tapılıb.

Qurum rəsmiləri hələlik heyvanların kütləvi ölümünə dair tək bir səbəbi göstərən sübutların olmadığını bildirirlər. Tələf olanlar arasında müxtəlif yaş və cinsdən olan fillər var. Bu da tələfatın yalnız bir ailə qrupu və ya müəyyən yaş kateqoriyası ilə məhdudlaşmadığını göstərir.

KWS vurğulayıb ki, regionda bu miqyasda fillərin tələf olması halları son bir neçə onillikdə qeydə alınmayıb. Bu hadisə xüsusilə son illərdə Keniyada brakonyerliklə mübarizədə əhəmiyyətli irəliləyişlərin əldə olunduğu bir dövrə təsadüf edir.

Heyvanların populyasiyasını və miqrasiyasını izləyən "Amboseli Trust for Elephants" təşkilatının məlumatına görə, 2025-ci ildə Amboseli ekosistemində 2 mindən çox fil qeydə alınıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu