Bolqarıstan Prezident Administrasiyasına partlayış təhlükəsi
Bolqarıstan Prezident Administrasiyasının binasında partlayış təhlükəsi ilə bağlı məlumat daxil olub.
AFN.az yerli KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik yoxlaması aparılarkən binanın əməkdaşları müvəqqəti təxliyə edilib. Yoxlamalar başa çatdıqdan sonra onlar iş yerlərinə qayıdıblar.
Məlumata görə, Bolqarıstan Daxili İşlər Nazirliyinə də Sofiya, Varna və Burqas şəhərlərindəki dövlət qurumlarında partlayıcı qurğular yerləşdirildiyi barədə elektron məktublar göndərilib. Polis yoxlamalar zamanı heç bir şübhəli əşya aşkar etmədiyini açıqlayıb.
Qeyd edək ki, ayın əvvəlində də Bolqarıstanın demək olar ki, bütün regional mərkəzlərində yerləşən dövlət qurumlarına bir neçə gün ardıcıl partlayış təhdidi ilə bağlı məlumatlar daxil olmuşdu.



