SpaceX raketinin bir hissəsi Aya çırpılacaq
SpaceX şirkətinin buraxdığı Falcon 9 raketinin təxminən 5 ton ağırlığında olan yuxarı pilləsi avqustun 5-də saatda təxminən 8 min 700 kilometr sürətlə Aya çırpılacaq.
AFN.az xəbər verir ki, hadisənin Ayın qərb hissəsində yerləşən Eynşteyn kraterinin yaxınlığında baş verməsi gözlənilir.
Astronomik obyektlərin izlənilməsi üçün hazırlanan Project Pluto proqramının yaradıcısı Bill Qrey tərəfindən müəyyən edilən hesablamalara əsasən, toqquşmanın avqustun 5-də saat 10:34 radələrində baş verəcəyi proqnozlaşdırılır.
Los Alamos Milli Laboratoriyasının tədqiqatçısı Benjamin Fernando bildirib ki, toqquşma zamanı raket hissəsi tamamilə buxarlanacaq, parlaq işıq saçması və tozla krater materialından ibarət böyük bir bulud əmələ gələcək.
Sözügedən raket hissəsi 2025-ci il yanvarın 15-də Firefly Aerospace şirkətinin "Blue Ghost 1" və ispace şirkətinin "Resilience" adlı Ay aparatlarını kosmosa daşıyan buraxılışdan sonra missiyasını başa vuraraq orbitdə qalmışdı.
Alimlər bildirirlər ki, kütləsi və sürəti dəqiq məlum olan bu obyektin toqquşması təbii meteorit zərbələrinin öyrənilməsində istifadə olunan metodların sınaqdan keçirilməsi üçün mühüm kalibrləmə imkanı yaradacaq.
Toqquşma nəticəsində yaranacaq toz buludunun öyrənilməsi vasitəsilə Ayın həmin bölgəsinin geoloji quruluşu barədə yeni məlumatların əldə olunacağı gözlənilir.
Mütəxəssislər vurğulayırlar ki, bu cür məlumatlar gələcəkdə yaradılması planlaşdırılan davamlı Ay bazalarının və astronavtların təhlükəsizliyinin qiymətləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Toqquşma Ayın gündüz görünən hissəsində baş verəcəyindən hadisəni çılpaq gözlə izləmək mümkün olmayacaq. Astronomlar həm peşəkar, həm də həvəskar müşahidəçiləri teleskoplardan istifadə etməyə çağırıblar.

