ABŞ-da 25 ştat son tarifələrə görə Tramp administrasiyasını məhkəməyə verdi



ABŞ-da 25 ştat ölkənin 60 ticarət tərəfdaşından idxal edilən məhsullara gömrük rüsumu tətbiq edən Prezident Donald Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.

AFN.az xəbər verir ki, iddia ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə təqdim olunub.

Kaliforniya Baş prokuroru Rob Bonta, Arizona Baş prokuroru Kris Mayes və Oreqon Baş prokuroru Dan Rayfieldin rəhbərliyi ilə bir araya gələn 25 ştat Tramp administrasiyasının ötən ay açıqladığı tariflərə etiraz edib.

İddia ərizəsində bildirilib ki, Tramp administrasiyası 1974-cü il tarixli Ticarət Qanununun 301-ci maddəsi çərçivəsində tətbiq etdiyi tariflərlə qanuni səlahiyyətlərini aşıb və İnzibati Prosedur Qanununu pozub.

Baş prokurorlar qeyd ediblər ki, sözügedən tariflər real hüquqi əsaslara söykənmir, iddia edilən məcburi əmək hallarını hədəf almaq məqsədi daşımır və daha əvvəl məhkəmələr tərəfindən qanunsuz hesab edilən tariflərin yenidən tətbiqinə xidmət edir.

İddiaçılar məhkəmədən tarif qərarının qanunsuz elan edilərək ləğv edilməsini, qüvvəsinin dayandırılmasını və həmin tariflər çərçivəsində ödənilmiş gömrük rüsumlarının geri qaytarılmasını tələb ediblər.

İddiaya qoşulan ştatlar arasında Kolorado, Konnektikut, Delaver, Havay, İllinoys, Massaçusets, Merilend, Men, Miçiqan, Minnesota, Nevada, Nyu-Cersi, Nyu-Meksiko, Nyu-York, Şimali Karolina, Rod-Aylend, Virciniya, Vermont, Vaşinqton və Viskonsin yer alır. Bundan əlavə, KentukkiPensilvaniya ştatlarının qubernatorları da koalisiyaya qoşulublar.

Kaliforniya Baş prokuroru Rob Bonta yazılı açıqlamasında bildirib ki, "Prezident Tramp amerikalıların yaşayış xərclərini artırmaqda o qədər israrlıdır ki, bunun üçün qanunları dəfələrlə pozmağa da hazırdır."

Bonta vurğulayıb ki, bu, Tramp administrasiyasının tarifləri qanunsuz şəkildə tətbiq etmək istiqamətində üçüncü cəhdidir və onlar administrasiyanın səlahiyyətlərindən sui-istifadəsinə qarşı üçüncü dəfə məhkəməyə müraciət edirlər.

Arizona Baş prokuroru Kris Mayes isə bildirib ki, tariflər ərzaq qiymətlərinin bahalaşmasına, kiçik sahibkarlıq subyektlərinin xərclərinin artmasına və iqtisadiyyatın demək olar ki, bütün sahələrində qarışıqlığa səbəb olur.

Oreqon Baş prokuroru Dan Rayfield də "qanunsuz" adlandırdığı gömrük rüsumlarının yükünü xarici hökumətlərin deyil, ABŞ vətəndaşlarının daşıdığını qeyd edib.

ABŞ Ticarət Nümayəndəliyi (USTR) iyulun 23-də açıqlamışdı ki, 1974-cü il tarixli Ticarət Qanununun 301-ci maddəsi üzrə aparılan araşdırmaların nəticələrinə əsasən, məcburi əmək yolu ilə istehsal olunan malların idxalının qarşısını almaqda və bu qadağanı effektiv şəkildə tətbiq etməkdə yetərsiz hesab edilən 60 ticarət tərəfdaşına qarşı 10 faiz və ya 12,5 faiz həcmində gömrük rüsumu tətbiq ediləcək.

Tramp administrasiyasının son tarif qərarı ABŞ Ali Məhkəməsinin Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktına (IEEPA) əsaslanan tarifləri qanunsuz hesab etməsindən sonra, 122-ci maddə çərçivəsində tətbiq olunan və 150 gün müddətinə qüvvədə olan 10 faizlik qlobal müvəqqəti tariflərin başa çatmasına bir gün qalmış elan edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu