Tramp: İran məsələsində danışıqlar, hərbi və iqtisadi təzyiq variantlarımız var



ABŞ Prezidenti Donald Tramp İran məsələsində danışıqları davam etdirmək, hücumları artırmaq və ya iqtisadi təzyiqi davam etdirmək kimi variantlarının olduğunu bildirib.

AFN.az xəbər verir ki, “Real America's Voice” proqramına müsahibə verən Tramp gündəmlə bağlı qiymətləndirmələr aparıb.

İranlıları “çətin danışıqlar aparan tərəf” kimi xarakterizə edən Tramp tərəflər arasında əldə olunan bəzi razılaşmaların daha sonra İran rəsmiləri tərəfindən ictimaiyyət qarşısında rədd edildiyini iddia edib.

İran məsələsində izləyə biləcəkləri üç yolun olduğunu vurğulayan Tramp mövcud yanaşmalarını davam etdirərək danışıqlar çərçivəsində İran üzərində təzyiqi saxlaya, hücumları əhəmiyyətli dərəcədə artıra və ya iqtisadi təzyiqi daha da gücləndirə biləcəklərini bildirib.

Tramp İran iqtisadiyyatının çətin vəziyyətdə olduğunu, ölkədə inflyasiyanın 300 faizə çatdığını və milli valyutanın böyük ölçüdə dəyər itirdiyini iddia edib.

ABŞ-ın İranın maliyyə resursları üzərində nəzarətə malik olduğunu müdafiə edən Tramp iqtisadi təzyiqin artıq ABŞ-ın İrana qarşı siyasətinin bir hissəsi olduğunu qeyd edib.

Tramp “İranın nüvə silahına sahib olmasının qarşısını aldım. Əgər bunu etməsəydim, hazırda nüvə silahları olacaqdı və siz də onlara ‘Cənab’ deyə müraciət etmək məcburiyyətində qalacaqdınız” deyib.

ABŞ-ın sursat ehtiyatlarına toxunan Tramp ehtiyatlarla bağlı problem olmadığını və sursat istehsalının sürətlə davam etdiyini bildirib.

Tramp ehtiyatların azalmasının keçmiş prezident Co Bayden dövründə Ukraynaya göstərilən hərbi yardımlardan qaynaqlandığını iddia edərək “Əsas səbəb Baydenin Ukraynaya 300 milyard dollarlıq dəstək verməsidir” ifadəsini işlədib.

Öz prezidentliyi dövründə Ukraynaya göstərilən yardımlara fərqli yanaşma tətbiq etdiklərini bildirən Tramp ABŞ-ın Avropa İttifaqına (Aİ) sursat və döyüş təyyarələri satdığını, Aİ ölkələrinin isə satın aldıqları hərbi texnikanı Ukraynaya göndərə bildiklərini deyib.

Tramp ilk prezidentliyi dövründə ABŞ-ın sursat ehtiyatlarının dolu olduğunu, Bayden administrasiyasının isə bu ehtiyatları böyük ölçüdə tükətdiyini iddia edərək “Obama da orduya heç vaxt pul xərcləmədi” deyib.

Digər tərəfdən, ABŞ-ın Çindən öndə olduğunu müdafiə edən Tramp “O qədər öndəyik ki, hamıdan çox-çox irəlidəyik” ifadəsini işlədib.

Tramp ölkəsində “çox bahalı və keyfiyyətsiz enerji istehsal edən” külək turbinlərini aradan qaldırdığını bildirərək “Külək turbinlərini kimin istehsal etdiyini bilirsinizmi? Çin. Özləri istifadə etmirlər, amma istehsal edirlər” deyib.

Təxminən 20-25 il əvvələ qədər Vaşinqtondakı ən güclü lobbinin İsrail lobbisi olduğunu bildirən Tramp hazırkı vəziyyətlə bağlı “(Senatın azlıq lideri Çak) Şumer kimi adamlara baxın. O, az qala fələstinliyə çevrilib” deyə danışıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu