Kolumbiyada zəlzələnin vurduğu maddi zərərin 9,5 milyard dollar olduğu təxmin edilir



Kolumbiya Prezidenti Abelardo de la Espriella avqustun 10-da baş verən 7,4 bal gücündə zəlzələnin ilkin hesablamalara görə 9,5 milyard dollarlıq maddi zərərə səbəb olduğunu bildirib. 

AFN.az xəbər verir ki, o, zəlzələnin yaratdığı insan və maddi itkilərlə bağlı açıqlamasında hadisə nəticəsində indiyədək 289 nəfərin həyatını itirdiyini deyib.

De la Espriella çıxışına həyatını itirənlər üçün bir dəqiqəlik sükutla başlayıb və “Bir atanın, bir ananın, bir övladın, bir həyat yoldaşının, bir bacı və ya qardaşın, yaxud bir dostun qoyub getdiyi boşluğu tam şəkildə doldura biləcək heç bir söz yoxdur” ifadəsini işlədib.

De la Espriella bildirib ki, özəl şirkət tərəfindən aparılan ilkin texniki qiymətləndirməyə əsasən, zəlzələdən ən çox zərər çəkən ərazilərdə birbaşa fiziki zərərin təxminən 30 trilyon Kolumbiya pesosu, yəni 9,5 milyard dollar olduğu müəyyənləşdirilib.

Ölkədəki fövqəladə vəziyyətə diqqət çəkən De la Espriella “İndiyədək 4 min 187 nəfərin yaralandığı və 143 nəfərin itkin düşdüyü bildirilib. 120 min 328-dən çox ailə zərərçəkən kimi qeydiyyata alınıb, 26 min 945 yaşayış evi dağılıb, 127 min 557-dən çox yaşayış evinə ziyan dəyib. Fəlakət 15 əyalətdə 450 bələdiyyəyə təsir edib. Bu isə ölkəmizin təxminən üçdə birinin zəlzələdən zərər çəkdiyi anlamına gəlir” deyib.

De la Espriella axtarış-xilasetmə işlərinin hələ də davam etdiyini bildirərək, “Dağıdıcı fəlakətdən dərhal sonra verdiyim göstəriş aydındır: Hətta bir vətəndaşımızı belə sağ tapmaq ehtimalı olduğu müddətdə axtarış-xilasetmə qrupları ərazidə qalmağa davam edəcək” deyə bildirib.

Kolumbiyalıların böyük həmrəylik nümunəsi göstərdiyini bildirən De la Espriella “Ölkə yardımların toplanması və göndərilməsi üçün fövqəladə səy göstərdi, lakin bu vəzifə yardımların əyalət mərkəzinə çatması ilə başa çatmır. Ən mürəkkəb mərhələ məhz bundan sonra başlayır: yardımları nizamlı şəkildə hər bir bələdiyyəyə, şəhərə və kəndə çatdırmaq” deyə qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu