Alberta Kanadadan ayrılıb müstəqillik elan edə biləcəkmi?
Kanadanın neft və təbii qazla zəngin Alberta əyaləti ölkənin gələcəyinə və birliyinə birbaşa təsir göstərə biləcək tarixi səsverməyə hazırlaşır.
AFN.az xəbər verir ki, əyalətdə oktyabr ayında vətəndaşlardan Albertanın Kanadanın tərkibində qalmalı olduğu, yoxsa müstəqilliklə bağlı məcburi referendum prosesinin başladılmasının lazım olduğu soruşulacaq.
Ayrılma tələbi əyalət üzrə keçirilən toplantılardan sonra başladılan və 300 mindən çox imza toplanan vətəndaş təşəbbüsündən irəli gəlib. Lakin bu imza kampaniyası əyalət məhkəməsi tərəfindən dayandırılıb.
Hakim müstəqillik qərarından birbaşa təsirlənəcək və İlk Millətlər adı ilə tanınan yerli xalqlarla konstitusion baxımdan zəruri məsləhətləşmə prosesinin həyata keçirilmədiyinə hökm edib.
Buna baxmayaraq, Alberta Baş naziri Daniel Smit məhkəmə qərarından apellyasiya şikayəti verdiklərini bildirərək yüz minlərlə vətəndaşın tələbinin görməzlikdən gəlinə bilməyəcəyini vurğulayıb və səsvermənin keçiriləcəyini açıqlayıb.
Digər tərəfdən, Alberta Baş nazirinin keçmiş müavini Tomas Lukaçukun rəhbərlik etdiyi ayrılma əleyhinə “Əbədi Kanadalı” qrupu isə Kanadada qalmaq istiqamətində 400 mindən çox imza toplayaraq reaksiyasını göstərib.
Seçicilərdən nə soruşulacaq?
Səsvermədə iştirak edəcək vətəndaşlara birbaşa “qal” və ya “ayrıl” sualı əvəzinə iki seçimli struktur təqdim olunacaq:
1-ci seçim: Alberta Kanada əyaləti olaraq qalmalıdır.
2-ci seçim: Alberta hökuməti Albertanın Kanadadan ayrılıb-ayrılmaması ilə bağlı məcburi əyalət referendumu keçirmək üçün Kanada Konstitusiyasına əsasən zəruri hüquqi prosesi başlatmalıdır.
Bu səsvermə birbaşa müstəqillik elan edilməsi anlamına gəlmir. Lakin ikinci seçimin üstünlük qazanması halında Kanadadan ayrılma prosesinin hüquqi əsası rəsmi şəkildə yaradılmış olacaq.
Ayrılma hərəkatına rəhbərlik edən Mitç Silvestr və vəkil Cefri Rat Ottavadakı federal hökumətin və ətraf mühit siyasətlərinin əyalət iqtisadiyyatına zərər vurduğunu müdafiə edirlər.
Uzun illərdir davam edən qərbin yadlaşması hissi əyalətin yaratdığı əlavə dəyərin qarşılığını ala bilmədiyi və qərarların mərkəzdən diktə edildiyi düşüncəsinə əsaslanır.
Bölgədəki bəzi ayrılma tərəfdarı liderlərin ABŞ administrasiyası ilə əlaqə saxlayaraq müstəqil Albertaya göstərilə biləcək mümkün maliyyə dəstəyini müzakirə etdiyi barədə iddialar da gündəmə gəlib. Hərəkat daxilindəki fikirlər isə tam ayrılmadan tutmuş Ottavaya qarşı üstünlük əldə etməyə qədər fərqlənir.
Səsverməyə az müddət qalmış hər iki tərəf seçiciləri səfərbər etmək üçün sahədəki fəaliyyətlərini artırıb. Sorğular Kanadada qalmaq istəyənlərin hələ də öndə olduğunu və qərarsız seçicilərin nisbətinin olduqca aşağı qaldığını göstərir. Bu vəziyyət prosesin inandırma yarışından daha çox seçici iştirakını artırmaq mübarizəsinə çevrilməsinə səbəb olub.
Ayrılma tərəfdarları (Let Alberta Decide və Alberta Prosperity Project): Xüsusilə kənd yerlərində güclü dəstəyə malik qruplar səs nisbətlərini artırmaq üçün Edmonton və Kalqari kimi böyük şəhər mərkəzlərinə diqqət yetirirlər.
Onlar avtobuslarla seçicilərin daşınması, sosial media kampaniyaları və mitinqlər təşkil etməklə iştirak səviyyəsini maksimuma çatdırmağı hədəfləyirlər.
Birlik tərəfdarları (Forever Canadian və Alberta's Voice): Kanada kimliyini və qürurunu ön plana çıxaran ayrılma əleyhinə qruplar isə qərarsız seçiciləri hədəf alaraq Kanadada qalmağa dair səsləri artırmağı qarşılarına məqsəd qoyublar. Könüllü şəbəkələri və məlumatlandırma kampaniyaları vasitəsilə seçki məntəqələrində güclü iştirak təmin etməyi planlaşdırırlar.
Əyalətin Baş naziri Smit ayrılma tərəfdarlarının səsləndirdiyi iqtisadi narahatlıqların əsaslı olduğunu qəbul etməklə yanaşı, özünün Kanadada qalmaq istiqamətində səs verəcəyini bildirib.
Kanadanın Baş naziri Mark Karni və müxalifət lideri Pyer Puayevr də əyalətin Kanada birliyindəki kritik əhəmiyyətini vurğulayaraq birlik çağırışı ediblər.
