Media: ABŞ təxminən 200 min əcnəbinin vizasını ləğv etməyə hazırlaşır
ABŞ administrasiyasının uzun müddət əvvəl ölkəyə sığınacaq üçün müraciət etmiş və ya hazırda sığınacaq prosesi davam edən təxminən 200 min əcnəbinin iş və turizm vizalarını ləğv etməyə hazırlaşdığı iddia edilir.
AFN.az xəbər verir ki, Associated Press-in (AP) əldə etdiyi ABŞ Dövlət Departamentinin sənədlərinə və məsələ barədə məlumatlı iki rəsmisinin açıqlamalarına görə, ABŞ hökuməti bəzi B1 və B2 vizalarını ləğv etməyi planlaşdırır.
Bu çərçivədə ABŞ Dövlət Departamentinin 2016-2026-cı illər arasında verilmiş və sahibləri sığınacaq üçün müraciət etmiş və ya hazırda sığınacaq müraciəti prosesində olan təxminən 200 min əcnəbinin iş və turizm vizalarını ləğv etməyə hazırlaşdığı bildirilib.
Rəsmilər mümkün ləğv halında aidiyyəti şəxslərin dərhal deportasiya edilməyəcəyini bildirərək, hazırda sığınacaq müraciəti gözləmədə olanların əksəriyyətinin yenidən təsnif ediləcəyini, lakin iş və ya turizm məqsədilə səyahət edənlər kimi statuslarını itirəcəklərini qeyd ediblər.
Xəbərdə son 18 ay ərzində ABŞ Dövlət Departamentinin sərxoş vəziyyətdə avtomobil idarə etməkdən tutmuş zorlama və soyğunçuluğa qədər müxtəlif cinayətlərdə məhkum edilmiş və ya ittiham olunan şəxslərlə yanaşı, xüsusilə Yaxın Şərqdə ABŞ siyasətinə qarşı açıq şəkildə danışan təxminən 175 min şəxsin vizasını ləğv etdiyi bildirilib.
ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqqott AP-yə açıqlamasında ləğv edilə biləcək vizaların sayı barədə məlumat verməyib. O bildirib ki, ABŞ-a qısamüddətli ziyarətçi olduqlarını iddia edərək gələn, lakin daha sonra burada daimi qalmaq üçün sığınacaq müraciəti edən əcnəbilərin immiqrant kateqoriyasına daxil olmayan vizalarını müəyyənləşdirmək və ləğv etmək üçün Daxili Təhlükəsizlik Nazirliyi ilə koordinasiya şəklində çalışırlar.
Piqqott qeyd edib ki, proses davam edəcəyindən, ləğv edilən vizaların sayı dinamik olaraq qalacaq və mərhələli şəkildə həyata keçiriləcək.
AP-nin əldə etdiyi Dövlət Departamentinin sənədləri göstərir ki, nazirlik ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərindən sığınacaq müraciətləri ilə bağlı məlumat aldıqdan sonra mövcud B1 və B2 vizası sahiblərini araşdırmağa başlayıb.
ABŞ-da B1 vizaları adətən işgüzar səfərlər, B2 vizaları isə əsasən turizm, ailə ziyarətləri və ya tibbi yardım məqsədilə verilir.

