Haitidə cinayətkar dəstə hücumunda 43 nəfər həyatını itirdi



Haitinin paytaxtı Port-o-Prensin şərqində cinayətkar dəstə tərəfindən təşkil edilən hücumlarda 43 nəfərin həyatını itirdiyi bildirilib.

AFN.az xəbər verir ki, paytaxta bağlı Kensko qəsəbəsində “Viv Ansanm” adlı kriminal dəstə bazar gecəsi silahlı hücum təşkil edib.

Milli mətbuatda yer alan xəbərə görə, hücum edənlər qəsəbə mərkəzinə nəzarəti ələ keçirməyə çalışıb, evləri yandırıb və çox sayda şəxsi qaçırıblar.

“Gazette Haiti” xəbər portalının müxbiri hücumlardan sonra Kensko küçələrində 43 cəsəd gördüyünü bildirib.

Təhlükəsizlik qüvvələrinin cinayətkar dəstə hücumunu dəf etməsindən sonra bölgədə əməliyyatlar davam edərkən, güllələnmiş cəsədlərin prospekt və küçələrdə aşkar edildiyi qeyd olunub.

Kensko meri Jan Massiyon baş verənləri tam mənada qətliam kimi qiymətləndirib. O, “AlterPresse” agentliyinə açıqlamasında yerli hakimiyyət orqanlarının cəsədlərin götürülməsi məqsədilə məhkəmə orqanları ilə birlikdə rəsmi müəyyənləşdirmə və araşdırma işləri apardığını bildirib.

Birləşmiş Millətlər Təşkilatının Haiti İnteqrasiya Ofisinin (BINUH) məlumatına görə, ölkədəki zorakılıq hadisələri 2026-cı ilin ilk rübündə (yanvar-mart) ən azı 1642 nəfərin ölümünə, 745 nəfərin isə yaralanmasına səbəb olub.

Bu statistikaya martın 29-31-də Aşağı Artibonit bölgəsində 16 yaşayış məntəqəsində 72 saat ərzində 83 nəfərin öldürüldüyü qətliamların da daxil olduğu bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu