Nepal XİN rəhbəri ölkədə baş verən fəlakəti "Himalay sunamisi" adlandırıb
Nepal müasir tarixinin ən güclü təbii fəlakətini yaşayıb və bu, haqlı olaraq "Himalay sunamisi" adlandırılır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə respublikanın xarici işlər naziri Şişir Xanal "Kantipur TV" telekanalına müsahibəsində bildirib.
"Bu, adi daşqın deyildi. Dalğaların hündürlüyü 20-30 metrə çatır, axının sürəti isə saatda 180 kilometr təşkil edirdi. Bu, tornado sürətinə malik bir fəlakət idi. Bir çoxları haqlı olaraq onu "Himalay sunamisi" adlandırır. Bu fəlakətin miqyası indiki nəslin yaddaşında Nepalın yaşadığı hər şeyin sərhədlərini aşır", - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, dəymiş ziyan həddindən artıq böyükdür: "Söhbət on minlərlə zədələnmiş yaşayış evindən, eləcə də ciddi zərər çəkmiş məktəblərdən və milyardlarla dollar dəyərində su-elektrik obyektlərindən gedir".
Xarici işlər idarəsinin rəhbəri hesab edir ki, tunellərdəki bir neçə yüz fəhlə də daxil olmaqla, sağ qalanların tapılması şansı dünya təcrübəsində olduğu kimi hələ də var. "Lakin ictimaiyyət yerlərdə nə qədər mürəkkəb vəziyyətin yarandığını anlamalıdır. Bu, həddindən artıq çətin xilasetmə əməliyyatıdır. Bütün relyef dəyişib: dağ yamacları uçaraq dayanıqsız qalıqlar və torpaq qatı ilə örtülmüş dik qayalıqlar əmələ gətirib. Bəzi ərazilərdə xilasedicilərimiz sözün əsl mənasında batan qumu xatırladan palçığa batırlar", - deyə nazir bildirib.
Xanal Nepalın istixana qazları emissiyasındakı payının demək olar ki, sıfıra bərabər olduğuna diqqət çəkib: "Buna baxmayaraq, biz yaranmasında heç bir rolu olmadığımız qlobal böhran üçün ən yüksək bədəli ödəyirik. Buzlaqların sürətlə əriməsi və bu fəlakətli dağ sunamiləri qlobal iqlim dəyişikliyinin birbaşa nəticələridir. Biz diplomatik yanaşmamızı "yardım" anlayışından "ədalət və kompensasiya" prinsipinə doğru dəyişirik. Bu, xeyriyyəçilik məsələsi deyil, hüquqi və mənəvi məsuliyyətdir. Emissiya həcminə görə dünyada birinci yeri tutan Çin, ikinci yerdə olan ABŞ və üçüncü yerdəki Hindistan kimi iri sənaye çirkləndiriciləri Nepal kimi həssas dövlətlərə kompensasiya ödəmək üçün tarixi məsuliyyət daşıyırlar". O, söhbətin sivilizasiyanın sağ qalmasından getdiyini bildirərək, bu məsələni bütün gələcək beynəlxalq forumlarda qətiyyətlə qaldıracaqlarına söz verib.
