Liviyanın paytaxtı Tripolidə neft anbarına PUA ilə hücum edildi
Liviyanın paytaxtı Tripolidə neft çənlərinin yerləşdiyi əraziyə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.
AFN.az xəbər verir ki, Tripolidə hava limanı yolu üzərində yerləşən neft çənlərinə PUA ilə həyata keçirilən hücum Brega Neft Marketinq Şirkəti tərəfindən pislənib.
Hücum nəticəsində hər hansı xəsarət alan olmadığı bildirilən açıqlamada aidiyyəti qrupların ərazinin təhlükəsizliyini təmin etdiyi qeyd olunub.
Brega Neft Marketinq Şirkətinin sözçüsü Ahmed Misillati AA müxbirinə açıqlamasında PUA hücumu nəticəsində müəssisədəki bəzi neft nəqli boruları ilə 220 və 213 nömrəli neft çənlərinin zərər gördüyünü bildirib.
Texniki qrupların zərərin müəyyənləşdirilməsi ilə bağlı işləri davam etdirdiyini bildirən Misillati hadisənin təchizat və paylama əməliyyatlarına təsir göstərmədiyini qeyd edib.
Misillati şirkətin daxili bazarı yanacaqla 24 saat fasiləsiz təmin etməyə davam etdiyini, yanacaq təchizatı sistemində heç bir problem yaranmadığını əlavə edib.
Tripolinin qərbində yerləşən Zaviya şəhərində də avqustun əvvəlində silahlı qruplar tərəfindən neft obyektlərinə kamikadze PUA-larla hücumlar təşkil edilmiş, neft anbarlarından birində dizel çənində yanğın baş vermişdi.

