Ukrayna: Müttəfiqlərə Rusiya ilə infrastruktur obyektlərinə hücumları dayandırmaq üçün razılaşma təklif etdik
Ukrayna Prezidenti Volodimir Zelenski kritik infrastruktura qarşı hücumların qarşılıqlı şəkildə dayandırılması üçün Rusiya ilə razılaşma əldə olunması məqsədilə müttəfiq ölkələrə çağırış etdiyini bildirib.
AFN.az xəbər verir ki, Zelenski sosial media hesabında yaydığı açıqlamada Rusiyanın Ukraynada qida, enerji və digər kritik infrastruktur obyektlərini hədəf almaqda davam etdiyini bildirib.
Bu cür hücumların dayandırılması ilə bağlı Rusiya ilə razılaşma əldə etmək üçün müttəfiqlərə müraciət etdiyini qeyd edən Zelenski “Ukrayna Rusiyanın hər hansı razılaşmaya əməl etmək iradəsinin olduğuna əmin deyil. Əgər müttəfiqlərimiz Rusiyanın elektrik enerjimizə, digər enerji obyektlərimizə, kritik infrastrukturumuza və qida tədarükünə hücum etməməkdə real iradə nümayiş etdirməsini təmin edə bilsələr, biz də buna cavab olaraq öz hücumlarımızı dayandırmağa əlbəttə hazırıq” deyib.
Zelenski Rusiyada 18 sentyabrda parlament seçkilərinin keçiriləcəyini xatırladaraq, razılaşma əldə olunacağı təqdirdə belə, bunun seçki prosesi zamanı Rusiyada yanacaq təchizatı ilə bağlı problemlərin həllinə xidmət etməməli olduğunu bildirib.
Ukrayna Prezidenti müharibənin başa çatdırılmasının vacibliyini vurğulayaraq, “Kritik infrastruktura qarşı gərginliyi azaldacaq addım sülhə gedən ilk addım ola bilər. Tərəfdaşlardan konkret addımlar gözləyirik” deyə qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Ukrayna və Rusiyanın bir-birinin enerji obyektlərini vurmayacağını bildirmişdi.
Tramp “Ukrayna Rusiyanın enerji obyektlərini vurmamağa razılaşıb. Rusiya da eyni addımı atmağa razılaşıb. Dünyada dizel yanacağının qiymətinin artmasının əsas səbəbi İran deyil, böyük ölçüdə Rusiya-Ukrayna müharibəsidir” deyib.
