Fransada ilin əvvəlindən 4 900-dən çox restoran müflis olduğunu açıqlayıb
Fransada xərclərin və enerji qiymətlərinin artması, eləcə də əhalinin alıcılıq qabiliyyətinin azalması restoran sektorunda ciddi problemlərə səbəb olub.
AFN.az xəbər verir ki, Fransanın “Le Monde” qəzetinin məlumatına görə, ölkədə ilin əvvəlindən bu yana 4 900-dən çox restoran müflis olduğunu açıqlayıb.
Fransız şirkətləri ilə bağlı məlumatları toplayan Altares şirkətinin məlumatlarına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artıb.
Yay aylarında ölkədə havanın rekord səviyyədə isti keçməsi də restoran biznesinin vəziyyəti yaxşılaşdırmasına imkan verməyib.
Sektor nümayəndələri bildiriblər ki, bir tərəfdən ərzaq və ət məhsullarının qiymətlərinin artması, digər tərəfdən isə Rusiya-Ukrayna müharibəsi və ABŞ ilə İsrailin İrana hücumları ilə başlayan müharibə səbəbindən enerji qiymətlərinin yüksəlməsi restoranların xərclərini artırıb.
Otelçilik Peşələri və Sektorları Birliyinin rəhbəri Tiyerri Marks mətbuata açıqlamasında “Hər gün 25 restoran bağlanır” deyib.
Marks qeyd edib ki, eyni zamanda hər gün 20 yeni müəssisə fəaliyyətə başlayır. Lakin yeni açılan restoranlar ev yeməkləri əvəzinə daha çox hazır yemək növlərinə üstünlük verir.
Restoran sektoruna məsləhət xidməti göstərən Food Service Vision şirkətinin idarəedici tərəfdaşı Florens Berje isə vəziyyəti dəyişiklik kimi qiymətləndirib.
O “Əvvəllər açılan restoranlar bağlananları kompensasiya edir və müəssisələrin ümumi sayı artırdı. Bir neçə aydır bu artıq baş vermir. Bu, misli görünməmiş dəyişiklikdir” deyib.


