Cənubi Koreya Hormuz boğazında hərbi iştirakla bağlı açıqlama verdi
Cənubi Koreya Hormuz boğazı bölgəsinə hərbçilər göndərə bilər
Cənubi Koreya Hormuz boğazı bölgəsinə hərbçilər göndərilə biləcəyini, lakin onların döyüş əməliyyatlarında iştirak etməyəcəyini açıqlayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Li Ce Myon Seulda keçirdiyi mətbuat konfransında deyib.
“Biz hərbçiləri müharibədə iştirak etmələri və ya müharibəyə müdaxilə etmələri üçün göndərməyəcəyik”, - prezident bildirib. Onun sözlərinə görə, Cənubi Koreya digər ölkələr kimi, öz vətəndaşlarının təhlükəsizliyinin və xam neft tədarükünün qorunması üçün zəruri tədbirləri nəzərdən keçirməlidir.
Li Ce Myon Ədən körfəzi ərazisində fəaliyyət göstərən Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin “Çxonhe” bölməsini də xatırladıb. O bildirib ki, bölmə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, o cümlədən dəniz quldurluğuna qarşı mübarizə məqsədilə artıq bölgədə yerləşdirilib və bu tədbirlərin gücləndirilməsi nəzərdən keçirilir.
Prezident Hormuz boğazına hərbi qüvvələrin göndərilməsinin ölkəsinin müharibəyə cəlb olunması və ya onu dəstəkləməsi anlamına gəlmədiyini xüsusi vurğulayıb. “Yenidən deyirəm: müharibədə iştirak etmək üçün qoşun göndərilməsindən söhbət getmir”, - deyə Li Ce Myon qeyd edib.

