Almaniya: Şərtsiz transatlantik dostluq dövrü uzun müddətlik geridə qalıb
Almaniya kansleri və Xristian Demokrat İttifaqının (CDU) sədri Fridrix Merz ABŞ-la münasibətlərdə köklü dəyişiklik baş verdiyini bildirərək, şərtsiz transatlantik dostluq dövrünün böyük ehtimalla uzun müddət geridə qaldığını deyib.
Merz Berlində CDU-nun Berlin Əyalət Məclisinə seçkilərdə baş nazirliyə namizədi Stefan Everslə birlikdə qatıldığı seçki tədbirində Almaniya-ABŞ münasibətlərini dəyərləndirib.
Avropanın üzləşdiyi dəyişikliklərə diqqət çəkən Merz dönüş nöqtəsi kimi xarakterizə edilən prosesin artıq reallığa çevrildiyini bildirib.
O qeyd edib ki, baş verən dəyişikliklərin miqyası və bunun Avropanın daxili və xarici təhlükəsizliyi baxımından yaratdığı risklər qarşıdakı illərdə daha aydın şəkildə anlaşılacaq.
ABŞ-ın keçmiş prezidentləri Con Kennedi və Ronald Reyqanın vaxtilə Berlində keçirdiyi görüşlərə istinad edən Merz “Bu dövr, bu şərtsiz transatlantik dostluq dövrü böyük ehtimalla uzun müddətlik geridə qalıb” deyib.
Merz Atlantik okeanının o tayında siyasi mövqedə və transatlantik ittifaqa yanaşmada dəyişiklik baş verdiyini vurğulayıb. Onun sözlərinə görə, bu vəziyyət Avropanın daha çox məsuliyyət daşımasını zəruri edir.
Merz bildirib ki, əvvəllər Almaniyanın iqtisadi modeli Çindən ucuz məhsulların, Rusiyadan ucuz neft və təbii qazın, ABŞ-dan isə təhlükəsizliyin təmin olunmasına əsaslanırdı. Onun sözlərinə görə, bu dövr artıq başa çatıb.
Merz “Bu dövr, yəni Almaniya Federativ Respublikasının biznes modeli artıq sona çatıb. Və bu bir daha geri qayıtmayacaq” deyib.
Almaniyanın yaranmış vəziyyət fonunda daha çox məsuliyyət üzərinə götürməli olduğunu vurğulayan Merz “Artıq özümüz üçün daha çox məsuliyyət götürməkdə gecikmişik” ifadəsini işlədib.
Merz miqrasiya siyasətində mühüm dəyişikliklər etdiklərini və 2024-cü illə müqayisədə qeyri-qanuni miqrasiyanın 60 faizdən çox azaldığını bildirib.
Almaniyanın miqrasiya ölkəsi olduğunu və belə olaraq qalacağını vurğulayan Merz miqrasiyanın sosial təminat sistemlərinə deyil, əmək bazarına yönəlməsini istədiklərini deyib.
O, Almaniyada uzun illərdir yaşayan və çalışan miqrantların ölkə iqtisadiyyatı və cəmiyyət üçün əhəmiyyətinə diqqət çəkərək bildirib ki, xəstəxanalar, qocalar evləri, tikinti sahələri, restoranlar və otellərin fəaliyyəti uzun illərdir Almaniyada yaşayan, işləyən və cəmiyyətə inteqrasiya olunan miqrantlar olmadan mümkün olmazdı.
Merz Almaniyada ksenofobiyaya yer olmadığını vurğulayıb və xüsusilə antisemitizmlə mübarizə aparılmasının vacibliyini qeyd edib.
O bildirib ki, qaydalara əməl etməyən şəxslər Almaniyanı tərk etməli olacaqlar. Merz bu məsələ ilə bağlı müvafiq hökumətlərlə də danışıqlar apardıqlarını söyləyib.
