Mark Karneydən Aİ ilə ortaq üzvlük təklifinə dəstək
Kanadanın Baş naziri Mark Karney Avropa İttifaqının (Aİ) ölkəsinə təqdim etdiyi ilk ortaq üzv olmaq təklifini müsbət qarşıladıqlarını bildirib.
AFN.az xəbər verir ki, Karney ABŞ Prezidenti Donald Trampın planı gülünc adlandırmasına və mümkün sanksiya təhdidlərinə cavab olaraq, Kanada ilə Aİ arasında qurulacaq daha dərin əməkdaşlığın ölkəsinin suverenliyini qoruyacağını vurğulayıb.
Strasburqda Avropa Parlamentində çıxış edən Karney sorğuların kanadalıların böyük əksəriyyətinin Aİ ilə daha yaxın münasibətlərin qurulmasını dəstəklədiyini göstərdiyini deyib.
O, kritik minerallar, enerji təhlükəsizliyi və süni intellekt kimi sahələrdə strateji əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.
Aİ Komissiyasının sədri Ursula fon der Lyayenin ikitərəfli münasibətlərin ən yüksək səviyyəyə qaldırılması çağırışından sonra ABŞ Prezidenti Donald Tramp planın həyata keçirilməsi halında Avropaya çox ağır gömrük rüsumları tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.
Trampın açıqlamalarına toxunan Karney kanadalıların heç kimin onlara nə etməli olduqlarını diktə etməsinə imkan verməyəcəyini və beynəlxalq razılaşmaları öz iradələri ilə bağlayacaqlarını bildirib.
Karney Aİ ilə qurulacaq ittifaqın digər demokratiyalar üçün nümunə ola biləcəyini qeyd edib. O, həmçinin bu əməkdaşlığın ABŞ-a qarşı yönəlmədiyini və Kanada ilə Aİ-nin yeni bir güc rəqibi yaratmaq niyyətində olmadığını vurğulayıb.
Gələcəyə hesablanmış əməkdaşlıq planlarından danışan Karney kənd təsərrüfatı məhsulları istisna olmaqla, digər məhsullar və xidmətlər sahəsində rəqəmsal ticarətin asanlaşdırılmasını təklif edib.
O, həmçinin gənclərin hər iki tərəfdə işləməsinə, təhsil almasına və yaşamasına imkan verəcək mübadilə proqramının yaradılmasını və Kanadanın Erasmus+ proqramına qoşulmasını təklif edib.
Aİ müqavilələrində hazırda rəsmi statusu olmayan ortaq üzvlük anlayışına toxunan Karney adın deyil, məzmunun əsas olduğunu bildirib. O, Kanadanın Aİ-yə tamhüquqlu üzv olmaq niyyətində olmadığını vurğulayıb.
Karney qeyd edib ki, yeni əməkdaşlıq modeli Kanada parlamentində müzakirə olunacaq və yekunda səsverməyə çıxarılacaq. Kanada və Aİ arasında növbəti sammitin oktyabrın 29-30-da Monrealda keçirilməsi planlaşdırılır.
