Britaniya Çaqos adalarının Mavrikiya verilməsini ABŞ dəstəyinə bağladı
Britaniya Hind okeanındakı Çaqos adalarını Mavrikiya verilməsi ilə bağlı razılaşmanı yalnız ABŞ Prezidenti Donald Trampın dəstəkləyəcəyi formada həyata keçirə biləcəyini açıqlayıb.
AFN.az xəbər verir ki, Britaniyanın müdafiə naziri Ues Stritinq Çaqos adalarında yerləşən və ABŞ-la birgə istifadə olunan Dieqo Qarsiya hərbi bazasının gələcəyinin uzunmüddətli şəkildə təmin edilməsinin vacib olduğunu bildirib.
Stritinq Baş nazir Endi Börnhəmin elan etdiyi Milli İnformasiya Müdafiə Mərkəzi ilə bağlı da məlumat verib.
Onun sözlərinə görə, Britaniyanı quru, dəniz, hava və kiberməkanda qorumaq, eləcə də düşmən mövqedə olan ölkələrin təbliğatına qarşı mübarizə aparmaq üçün hərbi rəsmilərin də daxil olacağı struktur yaradılacaq.
Stritinq süni intellektdən mənfi məqsədlərlə istifadənin və dezinformasiyanın qarşısının alınmasında mərkəzin mühüm rol oynayacağını qeyd edib.
O bildirib ki, müdafiə və imkanlara yatırımların artırılması ölkəyə qarşı təhdid səviyyəsinin azalmasına səbəb olub və NATO müttəfiqləri ilə birgə göstərilən müqavimət Rusiyanın Britaniyaya və ya NATO müttəfiqlərinə hücum etməzdən əvvəl iki dəfə düşünməsinə səbəb olur.
Stritinq ilin əvvəlində Britaniya ilə ABŞ arasında fikir ayrılığına səbəb olan Çaqos adalarının Mavrikiya verilməsi məsələsinə də toxunub.
O bildirib ki, ABŞ-ın da istifadə etdiyi Dieqo Qarsiya bazasının yerləşdiyi adaların Mavrikiya verilməsi ilə bağlı razılaşma yenidən nəzərdən keçiriləcək. Stritinqin sözlərinə görə, ABŞ hazırkı razılaşmanı dəstəkləmir və Donald Trampın mövqeyi dəyişməyib.
Stritinq ABŞ müttəfiqləri və Tramp administrasiyası ilə daha çox işləyərək razılaşmanı ABŞ prezidentinin dəstəkləyə biləcəyi formaya gətirməyin vacib olduğunu bildirib.
Britaniya müdafiə naziri Dieqo Qarsiya bazasının ölkəsi üçün mühüm milli təhlükəsizlik aktivi olduğunu vurğulayıb. Onun sözlərinə görə, baza ABŞ üçün də mühüm əhəmiyyət daşıyır və onun mövcudluğu ilə imkanlarının uzunmüddətli şəkildə qorunması lazımdır.
Stritinq diplomatiyanın bu mərhələdə mühüm rol oynadığını bildirərək, həm Mavrikiya, həm də ABŞ ilə razılığa gəlməyin vacibliyini qeyd edib.
Britaniya təxminən 150 il müstəmləkə idarəçiliyində saxladığı Mavrikiya ilə bağlı Çaqos adalarını 1965-ci ildə bu ölkədən ayıraraq Britaniya Hind okeanı ərazisi elan edib.
Üç il sonra müstəqilliyini elan edən Mavrikiya Çaqos adalarının, o cümlədən Dieqo Qarsiyanın ölkədən ayrılmasının qanunsuz olduğunu bildirərək hüquqi mübarizəyə başlayıb.
Beynəlxalq Ədalət Məhkəməsi 2019-cu ildə Çaqos adalarının Mavrikiya ərazisindən ayrılmasını qanunsuz hesab edib, BMT Baş Assambleyası isə adaların Mavrikiya qaytarılmasına çağırıb.
Britaniya 2024-cü ildə ABŞ ilə birgə istifadə etdiyi hərbi bazanın yerləşdiyi Çaqos adalarını Mavrikiya verəcəyini açıqlayıb.
Mavrikiya və Britaniya 2025-ci ilin mayında adaların verilməsi ilə bağlı razılaşma imzalayıb. Razılaşmaya əsasən, Dieqo Qarsiya bazasından Britaniyanın istifadəsi 99 illik icarə müqaviləsi ilə təmin edilməli idi. Razılaşma hələ iki ölkə parlamentində təsdiqlənmədiyi üçün qüvvəyə minməyib.
Müqaviləyə əsasən, Britaniyaya bazadan istifadə müddətini 99 ildən sonra daha 40 il uzatmaq imkanı da verilib.
ABŞ Prezidenti Donald Tramp isə Britaniyanın adaları Mavrikiya vermək qərarını tənqid edib və razılaşmanı dəstəkləmədiyini bildirib. Britaniya hökuməti Trampın mövqeyindən sonra razılaşmanın qüvvəyə minməsi üçün nəzərdə tutulan qanun layihəsini geri çəkib.
