Yaponiyada nüvə sınağının qurbanlarının xatirəsinə yürüş keçirilib
Yaponiyanın Yaizu şəhərində 1954-cü ildə ABŞ-ın Sakit okeandakı Bikini atolunda keçirdiyi hidrogen bombası sınağından zərərçəkənlərin xatirəsinə yürüş və mitinq keçirilib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, tədbir iştirakçıları şüalanma nəticəsində həyatını itirən şəxslərdən birinin məzarı üzərinə ağ xrizantemalar qoyublar.
Məlumata görə, anım mərasimində iştirak edən 200-ə yaxın şəxs 1954-cü ildə baş verən hadisənin və “Fukuryu-maru №5” (“Xoşbəxt əjdaha №5”) balıqçı gəmisinin ekipajının taleyinin unudulmaması ilə bağlı müraciət qəbul edib. Bu gəmi Yaponiyada nüvə silahından imtina uğrunda mübarizənin simvollarından birinə çevrilib.
1954-cü ildə 23 nəfərlik ekipajı olan gəmi Marşall adaları yaxınlığında tuna balığı ovlayırdı. Həmin il martın 1-də ABŞ Bikini atolunda hidrogen bombası sınağı keçirib.
Partlayışın yaratdığı zərbə dalğası gəmini az qala aşırıb. Daha sonra göyərtəyə radioaktiv kül düşməyə başlayıb. Dənizçilər külü özləri toplayaraq dənizə atıblar.
Yaizuyə qayıtdıqdan sonra ekipajın bütün üzvlərində kəskin şüalanma əlamətləri müşahidə olunub. Hadisədən təxminən altı ay sonra gəminin 40 yaşlı radio operatoru Aykiçi Kuboyama dünyasını dəyişib. Anım tədbirlərinin onun doğum gününə təsadüf etdiyi bildirilib.
ABŞ əvvəlcə hadisəyə görə məsuliyyətini qəbul etməyib. Daha sonra radio operatorunun dul həyat yoldaşına 2,8 min dollar kompensasiya ödəyib. Bu məbləğ indiki məzənnə ilə təxminən 30 min dollara bərabərdir. Sonradan kompensasiya məbləği təxminən iki dəfə artırılıb və ekipajın sağ qalan üzvlərinə də eyni ödəniş edilib.
Yaponiyada “Fukuryu-maru №5” gəmisinin başına gələnlər kütləvi nüvə əleyhinə hərəkatın başlanmasına təkan verib. Hazırda gəmi Tokiodakı süni adada yerləşən xüsusi pavilyonda nümayiş etdirilir.

