Venesuelada demokratik keçid prosesi başlayıb



Venesuelanın müvəqqəti prezidenti Del­si Rodriges ölkəsinin diplomatik əlaqələri yenidən qurmağa çalışdığını və ölkədə demokratik keçid prosesinin başladığını açıqlayıb.

AFN.az xəbər verir ki, Rodriges BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı prosesin nizamlı, institusional və yoxlanıla bilən şəkildə aparılacağını bildirib. BMT-nin 81-ci sessiyası 8 sentyabr 2026-cı ildə başlayıb və Baş Assambleyanın yüksək səviyyəli müzakirələri 22-28 sentyabr tarixlərində keçirilir.

Rodriges Venesuelanın bu il ABŞ ilə yaşanan siyasi böhran və iyunun 24-də baş verən zəlzələnin yaratdığı iki böyük sınaqla üzləşdiyini deyib.

O, bütün çətinliklərə baxmayaraq, Venesuelanın yenidən doğulduğunu bildirib.

Venesuela ilə ABŞ arasında yaxın zamanda imzalanan razılaşmaya da toxunan Rodriges bunu iki ölkə arasında indiyədək imzalanmış ən mühüm razılaşmalardan biri kimi qiymətləndirib.

Rodriges ölkənin yenidən doğuşunu təmin etmək məqsədilə demokratik keçid prosesinə başladıqlarını açıqlayıb. O, bu prosesin nizamlı, institusional və yoxlanıla bilən xarakter daşıyacağını qeyd edib.

Onun sözlərinə görə, keçid prosesi dövlət qurumlarının nəzərdən keçirilməsini, məhkəmə islahatlarını və müxalif qruplarla dialoqu əhatə edəcək.

Rodriges Venesuelada seçkilərin keçiriləcəyini bildirib.

O, bütün tərəflərin bərabər şərtlərlə mübarizə apara bilməsi üçün siyasi danışıqların davam etdiyini deyərək beynəlxalq ictimaiyyəti Venesuelanın suverenliyinə hörmət göstərərək bu prosesi dəstəkləməyə çağırıb.

Rodriges çıxışında süni intellekti texnoloji inqilab adlandırıb və düzgün istifadə ediləcəyi təqdirdə onun insanların həyatında əvvəllər görünməmiş inkişaf yarada biləcəyini bildirib.

O, süni intellektin məqsədindən yayınmaması üçün hökumətlərin və texnologiya sektorunun mühüm məsuliyyət daşıdığını vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu