Pakistan Əfqanıstanda 10 hədəfə hava zərbələri endirib



Pakistan Əfqanıstanda 10 nöqtəyə hava zərbələri endirdiyini açıqlayıb.

AFN.az xəbər verir ki, Pakistanın İnformasiya naziri Attaullah Tarar sosial media platformasında verdiyi açıqlamada Əfqanıstan ərazisindən havaya qalxan bəzi pilotsuz uçuş aparatlarının sentyabrın 23-də Pakistana daxil olmağa cəhd etdiyini və bunun qarşısının alındığını bildirib.

Tarar bildirib ki, Pakistan özünümüdafiə hüququndan istifadə edərək bu PUA-ların buraxılması və saxlanılması üçün istifadə olunan Əfqanıstandakı 10 hədəfə dəqiq hava və PUA zərbələri endirib.

Tarar Əfqanıstandan Pakistan ərazisinə yönələn heç bir hücuma dözməyəcəklərini bildirib və Pakistanın suverenliyinin hər hansı şəkildə pozulmasına dərhal və qətiyyətli cavab veriləcəyini vurğulayıb.

O, Əfqanıstan rəhbərliyini təcili olaraq hücumları dayandırmağa çağırıb. Tarar Pakistanın gərginliyi artırmaq niyyətində olmadığını, regional sülhə, dialoqa və konstruktiv əməkdaşlığa sadiq qaldığını qeyd edib.

O bildirib ki, bu mövqe zəiflik və ya düşmənçilik xarakterli hərəkətlərə sonsuz dözümlülük kimi qəbul edilməməlidir.

Pakistanlı rəsmilər bundan əvvəl Əfqanıstandan sərhəd postlarına hücum və sızma cəhdlərinin qarşısının alındığını açıqlamışdılar.

Əfqanıstan rəhbərliyinin sözçüsü Zəbihullah Mücahid isə belə bir hücumun baş vermədiyini bildirmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu