Tokioda rekord yağış: 35 gün fasiləsiz yağış yağıb



Yaponiyanın paytaxtı Tokioda ardıcıl 35 gün davam edən rekord yağışlar tərəvəz qiymətlərinin kəskin artmasına səbəb olmaqla yanaşı, turizmə də mənfi təsir göstərib. Mütəxəssislər rekord həddə çatan yağışların Sakit okeanda uzunmüddətli yüksək təzyiq sahəsi yaradan iqlim dəyişikliyi və El-Nino hadisəsinin birləşməsindən qaynaqlandığını bildiriblər.

AFN.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, sentyabrın əvvəlindən bazar ertəsi gününə qədər Tokionun mərkəzinə normal göstəricidən təxminən üç dəfə çox, 629 millimetr yağış yağıb.

Mainichi Shimbun qəzetinin xəbərinə görə, eyni dövrdə şəhərdə günəş işığının müddəti cəmi 45,8 saat olub. Bu, qeydə alınmış göstəricilər arasında ikinci ən aşağı səviyyə kimi tarixə düşüb. Şəhərdə 14 gün ərzində ümumiyyətlə günəş görünməyib.

Yağıntılar fiziki və psixi sağlamlığa təsir edir.

Paytaxtdakı klinikalardan birinin direktoru doktor Hiromiçi İto Sankei Shimbun qəzetinə açıqlamasında hava şəraitinin insanların fiziki və psixi sağlamlığına təsir etdiyini bildirib.

İto uzunmüddətli yağışın, aşağı atmosfer təzyiqinin və yüksək rütubətin baş ağrısı, başgicəllənmə və digər simptomlara səbəb ola biləcəyini qeyd edib.

Çərşənbə günü səhərin sonlarına doğru yağış zəif çiskinə çevrilsə də, bu ilki El-Ninyo hadisəsinin Sakit okeanı qızdırması və iqlim böhranının səbəb olduğu ekstremal hava şəraitini gücləndirməsi səbəbindən daha çox yağışın yağacağı ehtimal edilir.

Yaponiya Meteorologiya Agentliyinin rəsmisi Masayuki Kyoda payız yağış cəbhələrinin normaldan daha uzun müddət qaldığını bildirib.

Tokionun yağışlı mövsümü adətən iyun ayında baş verir, lakin yay boyunca davam edən müntəzəm leysan yağışları bölgənin bəzi hissələrində ciddi su basqınlarına səbəb olub.

Bu ayın əvvəlində Dujuan tayfunu qonşu Çiba prefekturasında daşqınlara və torpaq sürüşmələrinə səbəb olaraq səkkiz nəfərin ölümünə və onlarla evin dağılmasına gətirib çıxarıb.

Yeni bir tayfun Kanto bölgəsindən yan keçə bilər.

Meteorologiya rəsmiləri bu həftə mövsümün 26-cı tayfununun şimal-şərq istiqamətində irəlilədiyini və Tokionun da daxil olduğu Kanto bölgəsindən yan keçə biləcəyini bildiriblər.

Kyoda iqlim dəyişikliyi ilə Tokioda 1886-cı ildən etibarən aparılan qeydlər arasında ən uzunmüddətli yağışlar arasında birbaşa əlaqə yaratmağın çətin olduğunu deyib.

Lakin agentlik yaxın tarixli hesabatında qlobal istiləşmənin daha çox yağıntı da daxil olmaqla Yaponiyanın hava şəraitinə uzunmüddətli təsir göstərdiyini qeyd edib.

Tokioda bundan əvvəlki ən uzun fasiləsiz yağış dövrü 27 iyun-29 iyul 2019-cu il tarixləri arasında 33 gün davam edib.

Tərəvəz qiymətləri iki dəfə artıb.

Mediada yayılan xəbərlərə görə, uzunmüddətli yağışlar Tokio yaxınlığındakı kənd təsərrüfatı bölgələrində məhsulların zərər görməsi nəticəsində əsasən yaşıl yarpaqlı tərəvəzlər başda olmaqla tərəvəz qiymətlərinin artmasına səbəb olub.

Paytaxtdakı supermarket əməkdaşı bir kahının qiymətinin iki dəfədən çox artaraq 450 yenə, yəni təxminən 2,17 funt sterlinqə yüksəldiyini bildirib.

Bölgə sakinləri həmçinin paltarlarını quruda bilməməkdən şikayətlənərək yerli camaşırxanalara getməli olublar.

Şəhərdə avqustun 27-dən etibarən bircə quru günün belə olmaması bir çox insanın sosial mediada yağış yorğunluğundan şikayət etməsinə səbəb olub.

Sosial media platforması X-də bir istifadəçi bitmək bilməyən yağışın əhval-ruhiyyənin aşağı düşməsinə səbəb olmalı olduğunu bildirərək özünü yorğun hiss edən insanların bunda günahının olmadığını ifadə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu