ABŞ ordusunda Heqsetin kadr siyasəti ilə bağlı narahatlıq var


ABŞ Ordusunun katibi Den Driskollun istefasından sonra Pentaqonda müdafiə naziri Pit Heqsetin kadr siyasətinin ordunun modernləşdirilməsi səylərinə təsiri ilə bağlı narahatlıq yaranıb.

AFN.az xəbər verir ki, bu barədə CNN ABŞ ordusundakı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Heqsetin orduda modernləşməyə cavabdeh olan bir sıra yüksək rütbəli komandirləri vəzifədən uzaqlaşdırması, xüsusilə pilotsuz uçuş aparatları və müasir döyüş texnologiyalarının inkişafı istiqamətində işləri çətinləşdirə bilər.

Driskollun da istefası zamanı administrasiyanın ordunun transformasiyası və döyüş hazırlığı siyasəti, eləcə də Hegsethin bu istiqamətdə çalışan generalları vəzifədən çıxarması ilə bağlı narahatlığını ifadə etdiyi bildirilir.

CNN-in danışdığı keçmiş yüksək vəzifəli hərbçilərdən biri bildirib ki, modernləşmə prosesində mühüm rol oynayan komandirlərin kənarlaşdırılması rəhbərlikdə boşluq və qeyri-müəyyənlik yaradır. Xüsusilə Ukraynadakı müharibənin təcrübəsi fonunda pilotsuz sistemlərin inkişafının ABŞ ordusu üçün əhəmiyyətinin artdığı qeyd olunur.

Pentaqon isə bu iddiaları rədd edib. Müdafiə Nazirliyinin sözçüsü Şon Parnell Heqsetin bürokratiyanı azaltdığını, innovasiyaları təşviq etdiyini və bütün qurumun onun modernləşmə vizyonunu dəstəklədiyini bildirib.

CNN qeyd edir ki, Heqsetin rəhbərliyi dövründə bir sıra yüksək rütbəli hərbçilər vəzifələrindən uzaqlaşdırılıb və ya istefa verib. Mənbələr bunun ABŞ ordusunun müasir döyüş şəraitinə uyğunlaşdırılması prosesinə təsir göstərə biləcəyindən narahatdırlar.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu