Kanadanın baş naziri Trampı ciddi danışıqlara dəvət etdi
Kanadanın Baş naziri Mark Karni ABŞ administrasiyasını sosial şəbəkələrdəki istehzaları və “güc nümayişini” dayandıraraq ticarət məsələləri üzrə ciddi danışıqlara qayıtmağa çağırıb.
AFN.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Karni bildirib ki, Vaşinqton konstruktiv dialoqa hazır olarsa, iki ölkə arasında ticarət müzakirələri yenidən başlaya bilər. Onun sözlərinə görə, ABŞ-ın təklif etdiyi bəzi şərtlər Kanada sənayesinə, xüsusilə avtomobil sektoruna ciddi təsir göstərə bilər.
Kanada Baş naziri həmçinin Vaşinqtonun Ottavanın digər ölkələrlə gələcək ticarət razılaşmalarını məhdudlaşdırmağa çalışdığını bildirib. “Kanada suveren dövlətdir. Biz istədiyimiz ölkələrlə azad ticarət sazişləri bağlayacağıq”, - deyə Karni vurğulayıb.
İki ölkə arasında ticarət danışıqları avqustun 21-də dayanıb. Bundan sonra ABŞ Prezidenti Donald Tramp Kanadanı sosial şəbəkələrdə tənqid edib və Ontario gölünün adının dəyişdirilməsi ilə bağlı təklif irəli sürüb.
ABŞ maliyyə naziri Skott Bessent və müdafiə naziri Pit Heqset də Kanada rəhbərliyinə qarşı sərt açıqlamalar veriblər. Karni isə Heqsetin Kanada hərbçiləri ilə bağlı paylaşımını müdafiə nazirinə yaraşmayan davranış adlandırıb.
