ABŞ Yaxın Şərqdən diplomatlarını təxliyə edir



İran tərəfindən mümkün hücumlarla bağlı xəbərdarlıqlar fonunda ABŞ hakimiyyəti Yaxın Şərqdəki bir sıra diplomatik nümayəndəliklərindən diplomatları və onların ailə üzvlərini təcili şəkildə çıxarmağa başlayıb.

 AFN.az xəbər verir ki, CNN telekanalı mənbələrinə istinadən bu barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, bu təxliyə xoşagəlməz və xaotik dejavu kimi xarakterizə olunur. Belə ki, ölkələri tərk edənlərin bir çoxu İranla müharibənin qızğın vaxtında həmin ölkələrdən ayrıldıqdan sonra yalnız bu yaxınlarda öz vəzifələrinə qayıtmışdılar.

ABŞ Dövlət Departamentinin oktyabrın 23-də hazırladığı xidməti qeyddə İranın amerikalı əməkdaşları müəyyən etmək və onlara hücum etmək səylərini əhəmiyyətli dərəcədə artırdığı bildirilir. ABŞ kəşfiyyatının məlumatına görə, ABŞ vətəndaşlarına qarşı ehtimal olunan əməliyyatların hazırlanması həm Yaxın Şərqdə, həm də bəzi digər ölkələrdə qabaqcıl mərhələyə çatıb.

Vaşinqtonu Tehranın dəstəklədiyi Yəmən husilərinin fəaliyyəti də xüsusilə narahat edir. Onların hücumlarının intensivləşməsi fonunda Dövlət Departamenti Səudiyyə Ərəbistanından təcili vəzifələrin icrasına cəlb olunmayan əməkdaşların və onların ailə üzvlərinin çıxarılması barədə göstəriş verib.

Bundan əlavə, ABŞ tərəfi İordaniya, Livan, Qətər və Birləşmiş Ərəb Əmirliklərindəki diplomatik nümayəndəliklərində əməkdaşların sayını müvəqqəti olaraq azaldır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu