Ukrayna Rusiyanın AES-ləri sıradan çıxarmaq planını ələ keçirib
Ukrayna kəşfiyyatı Rusiyanın ölkənin üç fəaliyyətdə olan atom elektrik stansiyasını enerji şəbəkəsindən ayırmağa yönəlmiş planını ələ keçirib.
AFN.az xəbər verir ki, "The New York Times" qəzeti iki məlumatlı mənbəyə istinadən yazıb ki, Ukraynanın energetika naziri Denis Şmıqal iki həftə əvvəl kəşfiyyat tərəfindən ələ keçirilən sənədi Avropadakı tərəfdaşlarına təqdim edib.
Qəzetin tanış olduğu avqust tarixli sənədə əsasən, Rusiyanın bu payız və qış aylarında Ukraynanın elektrik enerjisi, istilik və su təchizatı sistemlərini sıradan çıxarmaq planı üç mərhələdən ibarətdir. Hücumların əsas məqsədi yay sonunda Ukraynanın malik olduğu təxminən 15 GVt gücündə generasiya imkanlarını demək olar ki, tamamilə sıradan çıxarmaqdır.
Planın ilk mərhələsində Ukraynanın qərb sərhədləri yaxınlığında yerləşən və Avropadan elektrik enerjisi idxalını təmin edən yarımstansiyaların raket və dron zərbələri ilə sıradan çıxarılması nəzərdə tutulur. İkinci mərhələdə hidroelektrik stansiyaların hədəfə alınması planlaşdırılır.
Üçüncü mərhələdə isə ölkənin fəaliyyətdə olan hər üç atom elektrik stansiyasının işinin dayandırılması nəzərdə tutulur. Dördüncü – Zaporojye AES isə hazırda işğal altında olan ərazidə yerləşir.
Bunun üçün Rusiya ordusunun atom elektrik stansiyalarını enerji sisteminə birləşdirən yarımstansiyalara raket zərbələri endirəcəyi bildirilir. Belə yarımstansiyalar, adətən, reaktorlardan 1–1,5 kilometr məsafədə yerləşir.



