Türkiyədə Heydər Əliyevin adını daşıyan mərkəz satışa çıxarıldı- Diaspora Komitəsi rəhbərliyindən prezidentə şikayət
Türkiyədəki “Heydər Əliyev adına Mədəniyyət Mərkəzi” yaranmış borca görə satışa çıxarılıb.
Bu barədə Demokrat.az-a sözügedən mərkəzin rəhbəri olan Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri, Avropa Azərbaycan Konqresinin vitse-prezidenti Bilal dündar məlumat verib.
O bildirib ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri dəyişəndən sonra “Heydər Əliyev adına Mədəniyyət Mərkəzi”nin vergi borcları yaranıb.
Onun sözlərinə görə, yaranmış vergi borcları ilə bağlı dəfələrlə Azərbaycan hökumətinin rəsmilərinə, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova məlumat verilib.
"Çox təəssüf ki, yeni Komitə sədri olan Fuad Muradov Ulu öndər Heydər Əliyevin adını daşıyan bu Mərkəzin saxlanılması üçün bizə dəstək olmadı. Əksinə, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bizə bildirdi ki, bizim adımız olmadan gedin o Mərkəzi bağlayın. Bu sözlərdən sonra bir anlı özümdə düşündüm ki, bu adamlar zərrə qədərmi Heydər Əliyev şəxsiyyətinə dəyər vermirlər? Necə yani gedin bağlayın? Mən Valeh Hacıyevdən tələb etdim ki, Ulu öndər Heydər Əliyevin adını daşıyan bu mərkəzi bağlamağımız üçün bizə yazılı formada icazə sənədi verin. Ancaq o bundan dərhal qaçdı və bildirdi ki, bunu edə bilməz. Mən bu barədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin köməkçisi hörmətli Əli müəllim Həsənova da məlumat vermişəm. Çox təəssüf ki, indiyədək yaranan borc məsələsi həllini tapmadığı üçün mən də məcbur olub şəxsi avtomobilimi satıb borcun bir hissəsini ödədim. Ancaq “Heydər Əliyev adına Mədəniyyət Mərkəzi"nin adına gələn xeyli miqdarda borc hələ də qalır. Artıq Azərbaycan tərəfi mənə başqa çıxış yolu buraxmadığı üçün “Heydər Əliyev adına Mədəniyyət Mərkəzi” bağlamaq qərarına gəldik".
Bilal Dündar Ulu öndər Heydər Əliyevin adını daşıyan bu mərkəzin saxlanılması üçün Azərbaycan Prezidenti İlham Əliyevə də müraciət edib:
"Cənab Prezident, “Heydər Əliyev adına Mədəniyyət Mərkəzi” ilk növbədə sizin rəhmətlik atanızın adını daşıyır. Fəaliyyətimiz boyu daim sizin yürütdütyünüz uğurlu siyasəti daim dəstəkləmişik, Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun qorunması üçün əlimizdən gələni etmişik və bundan sonra da belə davam edəcəyik. Sədrlik etdiyim Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası da Azərbaycan diasporunun formalaşmasında müstəsna xidmətlər göstərib və bunu zaman-zaman sizin yüksək vəzifələrə təyin etdiyiniz şəxslər də söyləyib.
Eyni zamanda, biz Türkiyədə “Azərbaycanın səsi” adlı jurnal təsis etmişik. İzmit şəhərində Xocalı soyqırımının qurbanlarının xatirəsinin yad olunması məqsədilə möhtəşəm abidə kompleksi yaradılmasına nail olmuşuq.
Həmçinin, Sizin dəstəyiniz və xeyr-duanızla Kocaeli şəhərində Ulu öndər Heydər Əliyevin adını daşıyan “Heydər Əliyev adında Mədəniyyət Mərkəzi” açmışıq. Vaxtilə bu mərkəzin açılışına Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olmuş Nazim İbrahimov, Azərbaycan dövlətinin digər yüksək vəzifəli şəxsləri qatılıblar.
Möhtərəm cənab Prezident, təəəssüflər olsun ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbərliyinin vəzifəsindən sui-istifadə etməsi nəticəsində mərhum Prezidentimiz Heydər Əliyevin adını daşıyan “Heydər Əliyev adına Mədəniyyət Mərkəzi” külli miqdarda (təxminən yüz min manat) ziyana düşüb. Bu problemin həllinə kömək məqsədilə bir neçə dəfə Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovla, yeni sədr Fuad Muradovla, onun birinci müavini Valeh Hacıyevlə, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanovla görüşüb onlara vəziyyəti izah etmişəm. Hətta, bu barədə Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimi-siyasi məsələlər şöbəsini və Milli Məclis rəhbərliyini də məlumatlandırmışam.
Təssüfflər olsun ki, mənə verilən vədlər indiyədək vəd olaraq qalıb. Türkiyə qanunlarına görə Kocaelidə fəaliyyət göstərən həmin Mərkəz tərəfindən vergiyə borc yaranıb və 5 aydan çoxdur ki, “Heydər Əliyev adında Mədəniyyət Mərkəzi” satışa çıxarılıb. Bu zərbə təkcə mənə deyil, eyni zamanda müasir Azərbaycanın qurucularından biri olan, Azərbaycan disporunu min bir əziyyətlə formalaşdıran Ulu öndər Heydər Əliyev və onun qurduğu müstəqil dövlətə dəyəcək.
Cənab Prezident, son ümid yeri kimi Sizə üzümü tutub xahiş edirəm: Ulu öndər Heydər Əliyevin adını daşıyan “Heydər Əliyev adına Mədəniyyət Mərkəzi”nin bağlanmasına imkan verməyin. Çünki bu mərkəz Azərbaycan dövlətinə və xalqına xidmət edir".
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.