Ehtiyatda olan polkovnik: “Hər an yeni döyüşlər başlaya bilər”
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ötən həftə keçirdiyi xidməti müşavirədə Ermənistanın hərbi-siyasi rəhbərliyinin son zamanlar səsləndirdiyi məsuliyyətsiz çıxışlara münasibət bildirib. General-polkovnik işğalçı ölkəyə ciddi xəbərdarlıq edib.
Nazir bütün səviyyələrdən olan komandir və rəis heyətinə düşmənin fəaliyyətinin daim müşahidə edilməsi, hərəkətinin nəzarətdə saxlanılması, onun törədə biləcəyi istənilən təxribata qətiyyətli cavab vermələri və hər an aktiv döyüş əməliyyatlarının başlanmasına hazır olmaları barədə konkret göstərişlər verib.
Nazirin çıxışına münasibət bildirən ehtiyatda olan polkovnik, uğurlu Horadiz əməliyyatının komandanı Şair Ramaldanov Azvision.az-a açıqlamasında deyib ki, hər an cəbhədə vəziyyət gərginləşə və yeni döyüşlər başlaya bilər:
“Hər an aktiv fazaya keçmək durumundayıq. Bununla bağlı dəfələrlə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xəbərdarlıq edib. Azərbaycanın səbri sonsuz deyil. Əgər Azərbaycan görsə ki, Ermənistan vəziyyəti anlamaq istəmir, kontruktiv mövqe sərgiləmir, o zaman başqa seçim qalmayacaq. Unutmaq olmaz ki, Azərbaycan ordusu öz torpaqlarını güc yolu ilə azad etməyə qadirdir”.
Ş.Ramaldanov qeyd edib ki, Ermənistan danışıqlarda konstruktiv mövqe tutmaq imkanında deyil: “Çünki bu dövlət heç vaxt müstəqil olmayıb. Ermənistanda rəhbərliyə kimin gəlməsindən asılı olmayaraq, onların danışıqlarda yalnız cümlə quruluşu dəyişə, hansısa başqa fikirlər söyləyə bilərlər. Bunun təsdiqi olaraq bircə konstruktiv fikrin ortaya çıxmamasını göstərə bilərik. Ermənistanda hər kəs başa düşür ki, Azərbaycanla gah nala, gah mıxa vurmaqla danışmaq olmaz. Gec-tez Azərbaycanın səbri tükənə bilər. Artıq faciə başlasa, onun qarşısını almaq çox çətin olacaq”.
Polkovnik əlavə edib ki, Paşinyan başda olmaqla hər kəs Ermənistanın müstəqil dövlət olmadığını bilir: “O, baş nazir kimi ancaq havadarlarının tapşırıqlarını icra edir. Bu gün Paşinyan danışıqlarda desə ki, münaqişəni sülh yolu ilə həll edirik, inanın o ölkəsinə qayıdanda artıq baş nazir olmayacaq. Çünki Ermənistanı böyük dövlətlər, quldur klanlar, hansısa mafioz strukturlar idarə edir. Bu vəziyyəti Azərbaycan da bilir. Ona görə də müstəqil olmayan Ermənistandan konstruktivlik gözləmək mümkün deyil. Bu fonda isə onlar səfeh-səfeh fikirlər söyləyir, siyasi savadsızlıq göstərməyə və populist çıxışlar etməyə başlayırlar. Gah müdafiə naziri, gah Paşinyanın özü gülünc bəyanatlar verir. Belə bəyanatlar Ermənistan cəmiyyətinin faciəsi ilə nəticələnəcək”.
Ş.Ramaldanov hesab edir ki, Ermənistan tərəfi Vyana görüşündən sonra heç olmasa, danışıqların davamı üçün siyasi etikanı qorumalı idi: “Hesab edirəm ki, onlar qəsdən qıcıqlandırırlar ki, Azərbaycanın səbri tükənsin, öz torpaqlarını güc yolu ilə azad etsin. Bunların qarşıya qoyduğu yol budur. Bu yolu onların havadarları, idarə edənlər onlara göstərib. Azərbaycanın müdafiə naziri hər bir çıxışında ordunun döyüşə tam hazır olduğunu bəyan edir. Sonuncu müşavirədə aktiv döyüşlərə hazır olmaq barədə tapşırıqlar verildi. Bütün bunlar Azərbaycanın hərb yolu ilə torpaqlarını azad etməyə hazır olmasına yönəlmiş mesajlar. Düşünürəm ki, hazırki şəraiti cəmiyyət də anlayır. Bütün heyət cəm şəkildə öz xidməti ilə qoyulan tapşırıqları yerinə yetirməklə məşğuldur. Ermənistan tərəfindən tutulan yol bizə başqa seçim qoymur. Düşünürəm ki, bu çox ciddi vəziyyətdir. Döyüşlərin yenidən aktiv fazaya keçməs istisna deyil”.