Yusif Seyidovun 90 illiyi ilə bağlı elmi konfrans olub - FOTOLAR




AFN// AMEA Naxçıvan Bölməsində görkəmli dilçi alim, Əməkdar elm xadimi Yusif Seyidovun anadan olmasının 90 illiyi münasibətilə elmi konfrans keçirilib.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyev Yusif Seyidovun həyatı və yaradıcılıq yolundan danışıb.

Qeyd edilib ki, dilçiliyin nəzəri və tətbiqi problemlərinə həsr edilmiş 200-dən çox elmi əsərin, o cümlədən 30-dan çox kitabın müəllifidir. Bildirilib ki, Yusif Seyidov bir sıra məqalələrində, "Klassik Azərbaycan şairləri söz haqqında", "Yazıçı və dil", "Sözün şöhrəti", "Sözün hikməti" və başqa sanballı monoqrafiyalarında XI əsrdən başlayaraq müstəqillik dövrünə qədərki Azərbaycan yazıçılarının söz və sənət haqqında, dil və onun insan həyatında, cəmiyyətdə rolu, eləcə də əhəmiyyəti barədə fikirlərini toplayaraq sistemləşdirib.

Sonra İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayılın “Yusif Seyidov yaradıcılığında ədəbi dil məsələləri”, Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın “XX əsr Azərbaycan poeziyasının dil məsələləri Yusif Seyidovun araşdırmalarında”, həmin institutun əməkdaşı Aysel Eminovanın “Yusif Seyidov xatirələrdə” mövzularındakı çıxışları dinlənilib.

Qeyd olunub ki, alim elmi məzmununa, metodiki mükəmməlliyinə görə qiymətli olan “Müasir Azərbaycan dili” dərsliyinin əsas müəlliflərindən biri, bir neçə dəfə nəşr edilmiş “Azərbaycan dili” və “Azərbaycan dilinin qrammatikası. Morfologiya” kimi ali məktəb dərsliklərinin də müəllifidir. Həmçinin “Nəsiminin əsərləri Azərbaycan ədəbi dilinin tarixi abidəsi kimi”, “Dastani-Əhməd Hərami” haqqında bəzi qeydlər”, “Ədəbi şəxsiyyət və dil” və başqa məqalələr, habelə “Nəsiminin dili” monoqrafiyası böyük alimin ciddi müşahidə və axtarışlarının məhsuludur.(nuhcixan.az)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu