“Yanan uşağa görə dövlət qurumu cinayət məsuliyyəti daşıyır” - AÇIQLAMA




“Transformatorda yanan uşaqla bağlı həm “Azərişıq”, həm də “AzərEnerji” əməkdaşları məsuliyyətə cəlb oluna bilər”.



Bunu hüquqşünas Səbuhi Axundov transformatorda yanan uşaqla bağlı AFN-ə açıqlama verərkən deyib. O, hadisənin hüquqi tərəfini şərh edərək bildirib ki, aidiyyatı qurum və əməkdaşlarının cinayət, eləcə də inzibati məsuliyyətə cəlb olunması üçün hadisə araşdırılmalı, məsuliyyət daşıyan şəxslərin dairəsi müəyyən edilməlidir: “Əvvəlcə hadisə baş verən transformatorun “Azərişıq” ASC-nin, yoxsa “AzərEnerji”nin balansında olduğunu öyrənmək lazımdır. Daha sonra enerji təchizat müəssisəsi sərəncamında olan elektrik qurğusunun həm təhlükəsizlik texniki qaydalarına əməl etmədiyi, həm də elektrik enerjisindən səmərəli istifadə qaydalarına aid təlimatı pozduğu üçün məsuliyyətə cəlb olunmalıdır. Hesab edirəm ki, bu faktla bağlı araşdırma aparıb, transformatorun texniki təhlükəsizliyinə cavabdehlik daşıyan qurum, yəni ya “Azərişıq”, ya da “Azərenerji” və onun əməkdaşları, konkret təhkim olunmuş şəxslər barədə cinayət işi açılmalıdır”.

Hüquqşünasın sözlərinə görə, zərərçəkən Zəhra Əliyevanın nənəsinin həm “Azərişıq” ASC-ni, həm də “AzərEnerji”ni məhkəməyə vermək, dəyən zərərə görə təzminat tələb etmək hüququ var: “Əgər uşağın qəyyumu nənəsidirsə, o zərərçəkənin nümayəndəsi qismində çıxış edərək, nəvəsinin yanması ilə bağlı məsuliyyət daşıyan qurum və əməkdaşlarını məhkəməyə verə bilər. Dəyən maddi zərəri, bütün xərcləri təqsirkar tərəfindən ödəməsi üçün müvafiq iddiaların irəli sürülməsi mümkündür”.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu