İslahatlar dalğası və yığışdırılan çamadanlar: Oliqarxlar niyə narahatdırlar?!




Azərbaycanda yeni islahatlar dalğası başlayıb. Uzun illər kreslolarında toxunulmazlıq “hüququ” qazanmış və daşlaşmış məmurlar yerindən tərpədilir. Və maraqlıdır ki, proses bu dəfə daha sürətli gedir…



Bəs islahatlar nədir və hansı zərurətdən yaranıb?

Siyasi ədəbiyyatda islahatların izahı belə verilir: “Qanun çərçivəsində həyata keçirilən dəyişikliklər islahat adlanır. İslahatlar zərurətdən yarandığına görə dövlət hakimiyyəti tərəfindən yuxarıdan başlanır. İslahatların məqsədi cəmiyyətdə qanunların səmərəli işləməsini və həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. İslahatlar gedişində siyasi sistemin əsasları dəyişilmədən bir hissəsi dəyişdirilir. Bununla belə islahatlar heç də həmişə deyilənlərin tezliklə baş verməsini təmin etmir”.

Bu sitatı təsadüfən qeyd etmədim. Bəli, artıq islahatlara yuxarıdan başlanılıb və bunun nəticələrinin də müsbət olması haqqında ilk mesajı da məhz ölkə başçısı istefaya göndərilən məmurları qəbul edərkən çıxışında qeyd etdi.

Xatırladaq ki, oktaybrın 21-də Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Baş nazirin müavinləri Hacıbala Abutalıbov və Əli Həsənov tutduqları vəzifələrindən azad olundular. Prezidentin hər iki məmuru ayrı-ayrılıqda qəbul etdi və digər məmurları da onlardan nümunə götürməyə çağırdı. Çünki hər iki məmur vəzifədən azad edilmələri üçün ərizə ilə müraciət etmişdilər. Prezident də çıxışında digər yaşlı məmurları məhz onlardan nümunə götürməyə çağırdı.

İki gün əvvəl isə Prezident fərman imzalayaraq, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil etdi və Mikayıl Cabbarovu İqtisadiyyat naziri təyin etdi.

Və daha sonra istər cəmiyyət, istərdə də hakimiyyət eşelonunda təmsil olunanlar üçün gözlənilməz olan, hələ də cəmiyyətdə müzakirə edilən qərar verildi: Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev 26 ildən sonra istefaya göndərildi.

Ən vacib məqam isə ölkə başçısının Mikayıl Cabbarovu qəbul edərkən səsləndirdiyi fikirlər idi: "Biz köhnə təfəkkürlə uğurlara imza ata bilmərik".

Prezident çıxışında qeyd etdi ki, islahatlara alternativ yoxdur, kadr islahatları labüddür və bu, qaçılmazdır: "Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər".

Mesaj aydın verilmişdi və ölkənin, idarəetmənin yenilənməsi, tərəqqi və inkişafa aparan reformların vacibliyi faktoru aktuallığını bir daha göstərdi. Şübhəsiz ki, bütün bu islahatlar ölkənin uğurlu gələcəyi, vətəndaşların rifah halının yüksəlməsinə hesablanıb.

Geosiyasi baxımdan dünyanın diqqət mərkəzində olan, hazırda müharibə şəraitində öz iqtisadi potensialını gücləndirməyə çalışan Azərbaycanda bu işlərin həyata keçirilməsi o qədər də asan deyil. Amma bu islahatlara kölgə salmağa çalışanlar olsa da, siyasi iradə və qanun sözünü dedi. Buna mane olmağa çalışanlar isə bir daha anladılar ki, inkişafa və tərəqqiyə qarşı çıxmaq sadəcə mümkün deyil, qloballaşan və internet dünyasında hələ də bürokratik “kağız-kuğuz”la əlləşən istənilən qrup və maraqlar bu reformların qarşısında durmaqda belə acizdirlər.

İndi ictimaiyyəti maraqlandıran suallar və təkliflərə də şərait var: Məsələn, daha nələr dəyişməlidir?

Son hadisələr bir daha göstərdi ki, hakimiyyətdə yenilənmə davam edəcək, intellektual, savadlı, tərəqqipərvər bir komanda formalaşdırılacaq. Əslində, bu komanda Mehriban Əliyevanın Birinci vitse-prezident təyinatından sonra formalaşmağa başlayıb. Ancaq bir sıra qoca oliqarxlar müasir düşüncəli intellektual kadrların fəaliyyətinə ciddi əngəllər yaradırdı. Bəli, bunu ölkə Prezidenti İlham Əliyev də keçirdiyi son müşavirədə dilə gətirmişdi. Ancaq Prezidentin qətiyyətli addımları həmin məmurları öz mövqeylərindən geri çəkilməyə məcbur etdi. Ona görə də belə düşünmək olar ki, indi “köhnə düşüncəlilər” çamadanlarını hazırlayıb və ya hazırlamalıdırlar.

Uzun illər boyu dövlətin etimadından sui-istifadə edərək özlərinin nəhəng ailə bizneslərini yaradanlar, ölkənin sərvətini talayanlar, xalqa xor baxanlar, ölkə başçısının etimadından sui-istifadə edərək, qanunlara məhəl qoymayanlara artıq ən yüksək səviyyədə “açıq qapı” göstərilib.

Təbii ki, bir jurnalist, media və ya vətəndaş cəmiyyətinin nümayəndəsi kimi bizim də bu islahatlardan öz gözləntilərimiz var və ümid edirik ki, bu arzular da gerçəkləşəcək. Məsələn, yaxşı olardı ki, KİVDF, QHT Şurası, mətbuata məsul qurumlar, şəxslərin fəaliyyəti də araşdırılsın, onlara olunan etimad və yol verdikləri bağışlanmaz nöqsanların haqq-hesabı aparılsın. Bir şeyə əminik ki, əgər bu kimi qurumlar etimadı doğrultsaydılar, sosial şəbəkələrdə, dövlətin milyonları sərf olunan medialarda dövlətin apardığı islahatlara kölgə salnmaz, dövlət, onun rəhbərliyi, atributları hədyan və təhqirlərə məruz qalmazdı...

Unutmayaq ki, dövlət bizim vətənimizdir, onu sevmək və qorumaq borcumuzdur.

Russo deyirdi ki, dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar vətən naminə edilib. Bu islahatlara gəlincə, bunlar sıradan kadr dəyişikliyi deyil, məhz “düşüncə inqilabı”dır. Gəlin düşüncəmizi dövlətçiliyimizin qorunması uğrunda dəyişək!


Vasif Həsənli

"Demokrat.az" xəbər portalının Baş redaktoru



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu