Təhsilimiz və bir yəhudi hikməti...




Səlahəddin Xəlilov, fəlsəfə elmləri doktoru, professor



Təhsil sistemi bizdə ən dinamik sahələrdən biridir. Yeniliklər, islahatlar, rəngarəng xarici praktikaların tətbiqi...



Hələ 20 il əvvəl mən millət vəkili olanda bir jurnalist belə bir sual vermişdi:

- Təhsil nazirliyinin apardığı islahatları necə dəyərləndirirsiniz?

- Məncə, nə qədər ki, biz milli təhsil sisteminin təməl prinsiplərini, fəlsəfi əsaslarını hazırlamamışıq, nazirliyin ən yaxşı işi hər hansı bir islahat aparmamaq olar. Heç olmasa Sovet təhsil sitemindən qalmış ənənələri pozmayaq.

Ən pis şey islahat naminə islahat aparmaqdır.

İndi çox yerdə "kurikulum və Boloniya sisteminin" heç bir xeyri olmadığından bəhs edilir. İş işdən keçəndən sonra anlayırıq ki, həə, o vaxt islahat əleyhinə olanlar haqlı imişlər.

Bəs indi? Fəlsəfi təməl oluşubmu?

Amma istənilən halda Bolonya sistem(sizliyi)nin ləğvi də sadəcə sərəncamla olmayacaq; bunun üçün yeni bir islahat dalğası başlamalı olacağıq.

Bu məqamda yadıma bir yəhudi məsəli düşdü:

Çox kasıb bir ailə varmış. Olub-qopan var dövlətləri bir keçi imiş – südü, pendiri ilə dolanırlarmış. Evləri də çox darısqal imiş; oğul-uşaq – hamısı bir otaqda qalırmış. Bir gün ev sahibi sinaqoqa gedib vəziyyəti anladır. Ravin soruşur ki, bəs keçi harda qalır? Sonra da məsləhət görür ki, keçini də yanlarına alsınlar.
Bu, ağlabatmaz bir təklif idi amma Ravinə də inanmaya bilməzdi. Keçini də alırlar otağa. Daha da darısqal olur, nəfəs almaq da çətinləşir. Bir müddət birtəhər dözürlər, sonra adam məcbur qalıb bir də Ravinə müraciət edir, daha da pis olduğunu deyir. Ravin isə məsləhət görür ki, bundan sonra keçini bayırda saxlasın. Adam gəlir evə, keçini çıxarır, evin havasını dəyişir, o gecə hamı rahat yatır və Ravinə dua edirlər.
İndi bizim Boloniya islahatı o keçini xatırlatdı. Ondan azad olsaq hamı rahat nəfəs alar və bu yeni islahata görə dua edərlər.
Amma kimə? Düşünürəm ki, bir vaxtlar kim isə o Boloniya keçisini içəri salmasaydı, indi onu çıxarmaq lazım olduğunu necə kəşf edərdilər?!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu