Dünyanın ən varlı adamı bir günə 6,8 milyard dollar itirib


Fond birjalarında yaşanan çöküş nəticəsində dünyanın ən varlı adamı, “Amazon”un qurucusu Ceff Bezos çərşənbə günü 6,8 milyard ABŞ dolları itirib, dünyanın ən varlı 10 adamının ümumi sərvəti isə bir gündə 37,36 milyard ABŞ dolları azalıb.



“Report” xəbər verir ki, bunu “Bloomberg” agentliyi tərəfindən hesablanan “Bloomberg Billionaires Index”in (BBI) məlumatları göstərir.

“Facebook”un yaradıcısı Mark Zukerberq və “Tesla” ilə “SpaceX”in qurucusu İlon Mask da böyük itkilərə məruz qalıblar – uyğun olaraq 5,75 milyard ABŞ dolları və 4,24 milyard ABŞ dolları. Zukerberq və Mask BBI-ın milyarderlər reytinqində müvafiq olaraq dördüncü və üçüncü sırada yer alır. Reytinqdə ikinci olan “Microsoft”un yaradıcısı Bill Geyts isə “cəmi” 2,3 milyard ABŞ dollar itirməklə canını qurtarıb.

Eyni zamanda “Forbes” jurnalı “Forbes Real-Time” sayğacına istinadən yazıb ki, dünyanın ən varlı 10 adamının ümumi sərvəti bir gündə 34 milyard ABŞ dolları azalıb. Nəşrin qiymətləndirməsinə görə, Zukerberq artıq sərvəti 100 milyard dollardan çox olanlar arasından çıxıb, hindistanlı iş adamı Mukeş Ambani isə investor Uorren Baffetti üstələyərək altıncı yerə yüksəlib.

“Forbes” nəşrinin dünya milyarderlərinin ilk onluğunda əsasən amerikalılar yer alıb. “Top-10”da digər ölkə vətəndaşlarından yalnız ikisi – “Reliance Industries”in sahibi Mukeş Ambani (Hindistan) və “Louis Vuitton Moët Hennessy”nin prezidenti Bernar Arno (Fransa) var.

Milyarderlərin sərvətinin düşməsi pandemiyanın ikinci dalğası fonunda qlobal fond bazarlarındakı panik satışlarla əlaqədardır. Belə ki, ABŞ-ın fond indeksləri 4% həddində düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu