QHT-lər üçün yeni tribuna
“Azərbaycan aləmi” Mədəniyyət Mərkəzi İctimai Birliyi pandemiya dövründə əhalinin maarifləndirilməsi məqsədi ilə vətəndaşlarımızın maarifləndirilməsi sahəsində fəaliyyətini daha effektiv təşkil etmək üçün ccaa.org.az internet saytının platformasını hazırlayıb.
AFN xəbər verir ki, sayt peşəkarlar tərəfindən işlənib və oxucuların ixtiyarına verilib. Saytın yaradılmasında məqsəd pandemiya dövründə koronavirusla mübarizədə ölkədə və dünyada aparılan qabaqlayıcı tədbirlərlə bağlı əhalini doğru-düzgün məlumatlandırmaqdı. Eyni zamanda insanlarımız üçün informasiyaların əlçatan olmasını təmin etməkdir. Saytda COVİD-19 virusuna bulaşmamağın, xəstəlikdən qorunmağın yollarını göstərən müvafiq materialların paylaşılması planlaşdırılır.
Həmçinin Ümumdünya Səhiyyə Təşkilatının, Respublikamızın səhiyyə orqanlarının, TƏBİB-in və s. qurumların tövsiyələri, statistik göstəricilər, ölkəmizdə ümumi vəzəiyyət, koronavirusla bağlı aparılan profilaktik tədbirlər barədə informasiyaların dərc edilməsi nəzərdə tutulur. Eyni zamanda veb-saytda milli QHT-lərimzin bu sahədəki fəaliyyətləri də yer alacaq. İctimai Birliyin sədri Ş.Yusifova bildirib ki, bütün QHT-lər, səhiyyə işçiləri öz maarifləndirici məlumatlarını saytda dərc edilmək üçün göndərə bilərlər. Xanım Yusifova vətəndaş cəmiyyətinin üzvlərinə müraciətlə qeyd edir ki, “ccaa.org.az” saytı sizin tribunanızdır, buyurun əməkdaşlığa hazırıq”.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Azərbaycan aləmi” Mədəniyyət Mərkəzi İctimai Birliyi “Koronavirus pandemiyası ilə mübarizə, əhalinin maarifləndirilməsi, aztəminatlı ailələrə yardımın təşkili” layihəsi çərçivəsində bütün işləri uğurla həyata keçirib. Qurum layihədə nəzərdə tutulmayan fəaliyyətləri isə töhfə olaraq təqdim edir. Birlik COVİD-19 virusuyla aparılan mübarizədə vətəndaşların maarifləndirilməsi üçün əməli addımlar ataraq regionda öz töhfəsini verir. Birliyin sədri və könüllüləri cəbhə bölgəsinə, Gəncə şəhərinə səfər edib, vətəndaşlara pulsuz maska paylayıblar. Gəncədə ictimai yerlərdə maskasız vətəndaşlarla söhbətlər aparıblar.