Pərviz Məhəmmədov BDU-ya bərpa olundu
Noyabrın 30-da Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.
Universitetdən AFN-ə bildirilib ki, iclasda BDU-dan xaric edilmiş Məhəmmədov Pərviz Əlipənah oğlunun müraciətini nəzərə alaraq bu ali təhsil müəssisəsinin rektorunun müvafiq əmri ilə yaradılmış Komissiyanın qərarı da müzakirə edilib. Komissiya öz qərarında bildirib ki, BDU Mexanika-riyaziyyat fakültəsinin birinci kurs, dövlət hesabına əyani formada təhsil alan tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu dəfələrlə daxili nizam-intizam qaydalarını pozaraq dərs prosesinə mane olub, fənn müəllimlərinə və fakültənin tyutoruna qarşı etikasız və kobud rəftar edib. Edilən xəbərdarlıqlara baxmayaraq Məhəmmədov Pərviz Əlipənah oğlu 23 noyabr 2020-ci il tarixində onlayn dərs prosesini nümayişkəranə şəkildə yenidən pozub, bu zaman Azərbaycanın Dövlət bayrağına qarşı ciddi ictimai qınağa səbəb olan hörmətsiz hərəkətlər edib. Bu hallar nəzərə alınmaqla, BDU rektorunun müvafiq əmri ilə Məhəmmədov Pərviz Əlipənah oğlu Universitet tələbələri sırasından xaric olunub.
Bir müddət sonra Məhəmmədov Pərviz Əlipənah oğlu ərizə ilə BDU rektoruna müraciət edərək, etdiyi səhvlərdən peşman olduğunu bildirib və bağışlanmasını xahiş edib. O, dövlət bayrağına qarşı etdiyi hərəkətlərin ciddi səhv olduğunu etiraf edirək, bu hərəkətlərindən peşman olduğunu, bütün müəllimlərindən, Universitet kollektivindən və tələbə yoldaşlarından, Azərbaycan xalqından üzr istədiyini bildirib. O, bundan sonra Universitetin daxili nizam-intizam qaydalarına ciddi əməl edəcəyinə, dövlət rəmzlərinə hörmətlə yanaşacağına, dərslərinə ciddi yanaşacağına söz verərək onun bağışlanılmasını və yenidən tələbələr sırasında olmasına köməklik edilməsini BDU rektorundan xahiş edib.
Komissiya məsələni yenidən araşdırıb, tələbənin Azərbaycan Bayrağına qarşı etdiyi hərəkətlərdən peşman olduğunu və 18 yaşına çatmamasını, müəllimlərindən və Azərbaycan xalqından üzr istədiyini, pandemiya şəraitininin yaratdığı çətinlikləri, onlayn tədris prosesinin xüsusiyyətlərini və s. nəzərə alaraq Məhəmmədov Pərviz Əlipənah oğlunun Universitet tələbələri sırasından xaric olunması haqqında əmrə yenidən baxılması və tələbəyə töhmət elan edilməklə tələbələr sıralarına qaytarılması haqqında təkliflə çıxış edib. Komissiyanın təklifi BDU Elmi Şurası üzvlərinin müzakirəsinə çıxarılıbr. Şura üzvləri məsələni geniş müzakirə etmiş və Komissiyanın qərarını nəzərə almağı məqsədəmüvafiq hesab edib.
Komissiyanın qərarı və Elmi Şuranın müzakirəsinin müsbət nəticələri nəzərə alınmaqla BDU rektoru tərəfindən Məhəmmədov Pərviz Əlipənah oğlu haqqında verilmiş əvvəlki əmrə yenidən baxılıb, ona intizam tənbehi kimi töhmət elan olunmasını və təhsilini davam etdirməsini nəzərdə tutan müvafiq yeni əmr imzalanıb.
Bütün fakültə rəhbərliklərinə pandemiya şəraitində tədrisin onlayn formada aparılmasına baxmayaraq tələbələrlə və tələbə təşkilatları ilə sıx işləmək, tələbələr arasında daxili nizam-intizam qaydalarına riayət olunması haqqında mütəmadi işlərin gücləndirilməsi tapşırılıb. Bir daha vurğulanıb ki, Azərbaycan Respublikasının dövlət rəmzləri olan dövlət bayrağı, dövlət gerbi və dövlət himninə hörmət etmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur.