Rusiyalı hərbi ekspert: “Ermənistan işğal etdiyi torpaqları qaytarmalıdır”


Rusiyalı hərbi ekspert:


"Azərbaycan Prezidenti İlham Əliyev Ali Baş Komandan kimi ordunun bütün istiqamətlərdə güclənməsinə və müasir silahlarla təhciz edilməsinə nail olub. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır".

Bunu "Milli Müdafiə" jurnalının baş redaktoru, hərbi ekspert İqor Karatçenko deyib.

Onun fikrincə, Azərbaycan hərbi potensialının artırılmasına və inkişafına xüsusi önəm verir: "Bu gün Azərbaycanın hədəfi öz ordusunu yüksək dəqiqlikli silahlarla təchiz etmək istiqamətindəndir. Təbii ki, bura hava hücumundan müdafiə sistemləri də daxildir. Rusiya da Azərbaycanın bu istiqamətdə bütün istəklərini yerinə yetirməkdə qərarlıdır".

İ.Karatçenko vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında qarşılıqlı hörmət və ehtirama əsaslanan yüksək səviyyəli münasibətlər var: "Belə münasibətlər isə hərbi əməkdaşlığa yalnız təkan verir".

O, iki ölkə arasında hərbi əməkdaşlığın yüksək səviyyədə və effektiv olduğunu deyib: "Azərbaycan Rusiyadan böyük partiyada hərbi texnika alan ölkələr sırasındadır. Azərbaycan Rusiyadan yeni və müasir silahlar almaqla ordusunu XXI əsrin ordusuna çevirib. Əlbəttə, Azərbaycan hərbçiləri də Rusiya istehsalı olan silahları tamamilə idarə və istismar etməyə qadirdirlər. Azərbaycan hava hücumundan müdafiə sistemləri, zirehli hərbi nəqliyyat vasitələri, özüyeriyən artilleriya qurğuları və digər müasir silah növlərinə malikdir".

Hərbi ekspert qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib: "Dağlıq Qarabağ münaqişəsinin hər an alovlanacağını nəzərə alaraq rəsmi Bakının Rusiya ilə hərbi əməkdaşlığa xüsusi önəm verdiyini deyə bilərik. Ancaq bununla belə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına, müharibəyə ehtiyac qalmayacağına ümid edirəm".

"Artıq Ermənistan həqiqətləri analamalı və görməlidir. Beynəlxalq hüquq normalarına əsasən, Azərbaycanın 7 rayonu və Dağlıq Qarabağ işğal altındadır. Hüquqi olaraq bu torpaqlar Azərbaycana məxsusdur. İlk növbədə 5 rayon Azərbaycana qaytarılmalıdır. Məsələ burasındadır ki, Ermənistanda bu ssenari üzrə irəli getmək üçün sağlam düşüncə lazımdır", - deyə İ.Karatçenko vurğulayıb.(“Report”)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu