Qarabağda torpaq almaq istəyənlər çoxalır


"COVID-19 virusu tamamilə həyatımızdan çıxmasa da, hazırda daşınmaz əmlak bazarı postpandemiya dövrünü yaşayır”.



Bu barədə Modern.az-a danışan daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev bildirib ki, karantin rejiminin yumşaldılması ilə qismən də olsa bazar canlanır: "Həm də bazardakı süstlük sırf pandemiya ilə də bağlı deyildi. Nəzərə amaq lazımdır ki, hələ pandemiyadan əvvəl bazarda müəyyən gərginlik yaranmışdı.

Hazırda əsas hadisələrdən biri də Qarabağın işğaldan azad edilməsidir. Həmin ərazilərdə yenidənqurma işlərinin aparılacaq, bölgəyə kifayət qədər vəsaitlərin yönləndirilməsinin şahidi olacağıq. Amma ümumilikdə bunun daşınmaz əmlak bazarına birbaşa təsiri gözlənilmir. Burada gözləntilər iki istiqamətdədir. Birincisi, həmin ərazilərdə bərpa işlərinin aparılması və ikincisi, vətəndaşların geri dönüşüdür. Əhalinin qayıtması tədricən baş verəcək. Üstəlik nəzərə almaq lazımdır ki, qayıdacaqların heç də hamısı əmlak sahibi deyil. Həmin vətəndaşların hamısının bölgəyə qayıdacağı da sual altındadır. Çox güman ki, Bakıda evi, şəraiti olanların heç də hamısı Qarabağa qayıtmayacaq. Buna görə də prosesin əmlak bazarına, qiymət azalmasına təsir edəcəyini düşünmürəm”.

Qarabağda torpaq alqı-satqısının hansı qaydada aparılacağına gəlincə, ekspert deyib ki, bu, hələ müəyyənləşməyib: "Qarabağ gələcəyin perspektiv zonasıdır. İlk növbədə ərazilər minadan təmizlənməli, bərpa prosesi həyata keçirilməlidir. Bundan sonra güman olunur ki, qeydiyyatı olan vətəndaşlara orada torpaqlar veriləcək. Digər tərəfdən, başqa yerlərdən Qarabağda torpaq almaq istəyənlər üçün proses necə olacaq o, müəyyələşməyib. Yəni bunlar sonrakı proseslərdir. Amma indidən orada torpaq almaq istəyənlər çoxdur.

Ümumilikdə, gələcəkdə qiymətlərə ərazinin turizm istiqamətində inkişafı da təsir edəcək. İnsanlar daha çox hara getmək istəyəcək, orada qiymətlər daha cəlbedici olacaq. Bunlara da təsir edəcək amillər ərazinin relyefi, təbiəti, təbii su mənbələri və s.dir. Sözsüz ki, yaxşı infrastruktur təşkil edilmiş ərazilərdə torpaqlar bu baxımdan daha baha olacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu