“O media rəhbərləri ictimai qınağa çəkilməlidir”
“O qızcığazı və qohumlarını danışdıran, göstərən media mənsubları media etikasını qaba şəkildə pozur və aciz, tərbiyəsiz və peşəkarlıqdan çox-çox uzaq media təsiri bağışlayır.”
AFN xəbər verir ki, bunu Moderator.az- a açıqlamasında media eksperti Zeynal Məmmədli deyib.
Sözügedən hadisənin tamaşaçılara çatdırılması haqda danışan ekspert bu məsələdə televiziyaları tənqid edib: “Buna cəmiyyətin, özəlliklə uşaq və bütövlükdə insan hüquqlarını qorumağı öhdəsinə götürmüş ictimai qurumların, Ombudsmanın, Mətbuat Şurasının və MTRŞ-nin reaksiyasızlığı da acı təəssüf doğurur.
Bu, elə həssas məsələdir ki, anonimliyi, gərəksiz təfərrüatı ciddi şəkildə qorunmalı və əks şəkildə davrananlara, ən azı, ictimai cəza verilməlidir. O media qurumlarının rəhbərləri, menecer və jurnalistlər də, ən azı, ictimai qınağa çəkilməlidir”.
Qeyd edək ki, daha sonra Milli Televiziya və Radio Şurası da məsələyə münasibət bildirib. Qurumda ümumölkə televiziya kanallarının proqram direktorları və xəbər departamentlərinin rəhbərləri ilə görüş keçirilib. Görüşdə son günlər cinsi təcavüzə məruz qalmış, dünyaya uşaq gətirmiş 11 yaşlı qızla bağlı bir sıra televiziya kanallarında yayılan xəbərlərdə şəxsi toxunulmazlıq məsələlərinə əməl olunmamasından, belə halların efir məkanında geniş müzakirəyə səbəb olmasının mənfi təsirlərindən danışılıb.
Xatırladaq ki, Baş Prokurorluq İmişli rayonunda 11 yaşlı ögey qızını zorlamaqda ittiham edilən şəxsin həbs edildiyini açıqlayıb. Həmin azyaşlı bir neçə gün öncə 31 həftəlik körpə dünyaya gətirib.