Xanbulan gölünə giriş niyə ödənişlidir?
AFN xəbər verir ki, bu barədə qafqazinfo-ya həmin əraziyə səfər edən vətəndaşlar bildiriblər. Onlar qeyd ediblər ki, ödəniş tur şirkətlərinin qiymətinə daxil deyil.
Məsələ ilə bağlı araşdırma apardıq. Məlum oldu ki, sözgedən göl Hirkan Milli Parkının ərazisinə daxildir. Parka giriş üçün isə Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2 manat ödəniş nəzərdə tutulur.
Ekoturistlər parka həftə ərzində saat 9:00-dan 18:00-dək daxil ola bilərlər. Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər (müvafiq təsdiqedici sənədi təqdim etməklə), məktəbəqədər uşaqlar, məktəblilər və onları müşayiət edən müəllimlər giriş haqqından azaddırlar.
Qeyri-rəsmi mənbələrdən əldə etdiyimiz məlumata görə, bundan əvvəl də parka giriş üçün ödəniş nəzərdə tutulsa da, bir çox hallarda vətəndaşlar həmin ödənişi etməkdən imtina edirdilər.
Qeyd edək ki, Xanbulan gölü Lənkəranın əsas turistik ərazilərindəndir və rayonun eyniadlı kəndində yerləşir.