"Azercell"in press-relizi və 5G
"Azercell" öz şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi ilə bağlı açıqlama yayıb. Baxıram ki, xeyli işlər görüblər, yüzlərlə yeni baza stansiyaları qurublar və təkmilləşdiriblər. Qarabağda yeni mobil infrastruktur qurublar.
AFN.az xəbər verir ki, bunu İT üzrə mütəxəssis Osman Gündüz bildirib. O qeyd edib ki, şirkətin açıqlamasında hansı texnologiya üzərindən xidmət göstəriləcəyi ilə bağlı hansısa bir qeyd yoxdur: "Yəni, bilinmir ki, bu infrastruktur 2G, 3G, 4G yoxsa 5G üzərindən xidmət göstərəcək. Açıqlamanı kim hazırlayıbsa, məharətlə bunu gizlədə bilib. Yəqin qonşu ölkələrin mobil operatorların açıqlamalarına baxıblar. Çünki qonşu ölkələrdə və dünyada mobil operatorların bu tip press-relizlərində 5G gəlişmələri üstünlük təşkil edir. Onlarda 5G tezliyi uğrunda amansız mübarizə gedir, auksionlar təşkil olunur, məhz bu texnologiya üzərində infrastruktur qurulur. Bizdə isə görünür ki, 5G ilə bağlı heç bir operatorda deyiləcək, təqdim ediləcək bir iş olmadığından, açıqlamalarda ümumiyyətlə texnologiya məsələsinə toxunmurlar. Yaxşı olardı ki, bizim mobil operatorlar da RİNN-dən 5G tezliyi tələb etsinlər, bunun açıqlamasını etsinlər. Nazirlik də gərək çoxdan 5G ilə bağlı açıqlamalar verəydi".
O.Gündüz qeyd edib ki, Dövlət Radiotezliklər İdarəsi çoxdan yeni radiotezlik siyasəti ilə, xüsusən də 5G ilə bağlı belə bir konseptual baxışların hazır olduğunu açıqlayıb: "Amma təəssüf ki, hələ də bizim Nazirliyin 5G ilə bağlı təsdiqlənmiş bir konseptual sənədi ortada yoxdur. Güman etmək olar ki, bu tip məqamlar rəqəmsal transformasiya haqqında konsepsiyada nəzərdə tutulub. Amma az qala 2 il olur ki, Nazirlik digər konseptual sənədlərin taleyi kimi, bu konsepsiyanın da çoxdan hazırlandığını bildirsə də, indiyədək təsdiqlədə bilməyib. Uzun sözün qısası, ləngiyirik".