SOCAR Neft Kəmərləri İdarəsi qadağan olunmuş tikililərə niyə göz yumur? - FOTOLAR
SOCAR Neft Kəmərləri İdarəsinin balansında olan boş torpaq sahələrində tikinti işləri var qüvvəsi ilə davam edir.
Təkcə paytaxtın Sabunçu rayonu ərazisində təxminən 500-600 metr radiusda son 5-6 ay ərzində onlarla ev, obyekt tikilib, hazırda 3-4 ev inşa edilməkdədir. Söhbət Sabunçu rayonu, Balaxanı qəsəbəsindən gedir. Bu, həmin ünvandır ki, bir tərəfdə vətəndaşa illərlə yaşadığı evin həyətində barı tikməyə icazə verilmir, digər tərəfdə isə yeni-yeni mənzillər, obyektlər inşa edilir. Bütün bu proses isə təbii ki, özbaşına getmir. Tikinti işlərini aparan ərazidə tanınmış makler və onun Sabunçu bələdiyyəsindəki qohumlarıdır. Balaxanı qəsəbəsində yüzlərlə mənzil tikib satan maklerin qarşısına çıxan nədənsə yoxdur. Onun “əlini qoyduğu” tikintiyə heç kim irad bildirmir. Halbuki bu ərazidə SOCAR-ın Neft Kəmərləri İdarəsindən, SOCAR Mühafizə İdarəsindən xəbərsiz və icazəsiz sakinlər heç divara mıx da vura bilməzlər. Kimsə yanılıb evini təmir etdirərsə, dam örtüyünü dəyişməyə cəhd edərsə, ən azı haqqında cinayət işi açılır. Burada yüzlərlə evin üzərində qanunsuz zəbtetmə haqqında məhkəmə qərarı var. Lakin hətta elə ev var ki, yarısı köhnə neft quyusunun üzərindədir, asta-asta quyunun qalan hissəsində də tikinti aparır, ona da “gözün üstə qaşın var” deyilmir. Bu ayrı-seçkiliyin səbəbləri bizə məlumdur, lakin hələlik bəzi səbəblərdən yazmırıq.
SOCAR-ın mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, mövcud qanunvericiliyə əsasən, vətəndaşların təhlükəsizliyinin təmin olunması və neft sənayesinin normal fəaliyyətinin təşkili məqsədilə mədən ərazilərində və boru xəttlərinin ətrafında xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılır: “Bu cür mühafizə zonalarında əhalinin məskunlaşması qadağandır. Lakin hazırda neft kəmərlərinin mühafizə zonasında və mədən ərazilərində evlərin tikildiyini, insanların bu cür təhlükəli ərazilərdə kütləvi şəkildə məskunlaşdığının şahidi oluruq. SOCAR-ın Təhülkəsizlik İdarəsi vətəndaşları mümkün qədər bu ərazilərdə məskunlaşmaqdan çəkindirməyə, onların təhlükəsizliyini təmin etməyə çalışır. Təhülkəsizlik İdarəsi tərəfindən hər il onlarla bu cür qanunsuz tikintinin qarşısı alınır. Lakin bəzən vətəndaşlar müxtəlif yollarla neft sənayesinə aid torpaqları zəbt edib bu ərazilərdə gecəqondular, müxtəlif iaşə obyektləri tikə bilirlər. Bu cür qanunsuz tikintilər barəsində aidiyyatı qurumlara məlumat verilir.
Sabunçu rayonu, Balaxanı qəsəbəsinin ərazisində qeyd etdiyiniz tikintilər barəsində də müvafiq qurumlara müraciətlər edilib. Eyni zamanda Sabunçu rayon Məhkəməsinə mühafizə zonasında yerləşən qanunsuz tikililərin sökülərək ərazidən çıxarılması tələbi ilə iddia ərizələri verilib”.