XİN Vaşinqtonda üçtərəfli görüşün keçiriləcəyini təsdiqlədi
"Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır".
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
O vurğulayıb ki, qərar ev sahibi olan ölkə tərəfindən verilməlidir:
“Azərbaycan tərəfinin həmin görüşlərin keçirilməsi ilə əlaqədar açıqlamanın verilməsinə dair yanaşması odur ki, bu barədə ilk elan görüşə ev sahibliyi edən ölkə tərəfindən verilməlidir”.
Qeyd edək ki, bu gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı yaxın günlərdə Vaşinqton şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Entoni Blinken ilə üçtərəfli görüşün keçiriləcəyini bildirib.