Azərbaycan boksçusu erməni idmançı ilə döyüşmədən qalib elan olunub
Polşanın Keltse şəhərində keçirilən beynəlxalq turnirdə növbəti dəfə Azərbaycan və Ermənistan boksçularının döyüşü baş tutmayacaq.
Azərbaycan Boks Federasiyasından xezerxeber.az-a bildirilib ki, buna ermənilərinin yarışı yarımçıq tərk etməsi səbəb olub. Belə ki, 51 kiloqram çəki dərəcəsində dörddəbir final çərçivəsində Armen Quşçiyan (Ermənistan) Məsud Yusifzadə (51 kq) ilə döyüşdən imtina etmişdisə, bu dəfə Ermənistan yığması turnirdən ayrılıb. Bu da o deməkdir ki, Malik Həsənov (63,5 kq) yarımfinalda Hamlet Minatsakanyanla (Ermənistan) döyüşmədən həlledici görüşə vəsiqə qazanıb. Onun finaldakı rəqibi Frank Roman Samuel (Rumıniya) – Frank Kleri (İrlandiya) cütünün qalibi olacaq.
Qarşılaşma noyabrın 13-də keçiriləcək.