“Putin bizimlə oyun oynamaqla nüfuz itirdiyini başa düşəcək”- ermənilər
Dekabrın 27-də bir qrup Qarabağ ermənisi Rusiya sülhməramlı kontingentinin komandanı general Andrey Volkovla görüş tələb etmək üçün Xankəndi aeroportu tərəfə yürüş edib.
AFN.az erməni mediasına istinadla xəbər verir ki, onlar Volkovdan Laçın yolunun açılmasını və nəqliyyatın bu yolla fasiləsiz hərəkətinin bərpa olunmasını tələb ediblər. Yürüşün təşəbbüsçüsü Tiqran Petrosyan deyib ki, onlar Qarabağdakı rusiyalıların yolunu bağlamayacaqlar, amma demək istədiklərini “mədəni şəkildə” izah edəcəklər: “Biz ümid edirik ki, Putin Cənub Qafqazda bizim xalqla oyun oynamaqla nüfuzunu itirəcəyini başa düşəcək. “Artsaxlılarla” (Qarabağ-red) belə rəftar etmək olmaz”.
Rəsmi Bakı Laçın yolunun açıq olduğunu bildirir. Yoldakı azərbaycanlı aksiyaçılardan biri də “Azadlıq” radiosuna belə deyib: “Bizim aksiyamız dincdir. Biz heç kəsin yolunu kəsməmişik. Bizim məqsədimiz sadəcə olaraq təbii sərvətlərimizin talan edilməsinin qarşısını almaq və bu ərazilərdə ekoloji tədqiqatların aparılmasına şərait yaratmaqdır. Siz KİV-lərdən də görürsünüz ki, bu yoldan humanitar yüklər keçir”.
Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.