Ermənistan istəsə də, istəməsə də, Zəngəzur dəhlizi reallaşacaq - İlham Əliyev


"Zəngəzur Dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur".


AFN.az-ın xəbərinə görə, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində belə deyib. Ölkə başçısı qeyd edib ki, bu layihə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda da əksini tapıb: “Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir...
İndi Ermənistan bundan boyun qaçırmaq istəyir, faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir. Ancaq bu, bizi dayandırmayacaq. Yəni bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün”.

İ.Əliyev qeyd edib ki, nəqliyyat sahəsində bu günə qədər görülən işlər çox güclü zəmin yaradıb: "Artıq görülən və bundan sonra görüləcək işlər, əlbəttə ki, bizim mövqeyimizi daha da gücləndirəcək. Çünki adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib.

Bizim infrastrukturumuz - dəmir yolları, hava limanları, Ələt Beynəlxalq Dəniz Limanı və digər nəqliyyat infrastrukturu, Xəzərdə ən böyük donanma və eyni zamanda, bizim donanmamız Qara dənizdə də işləyir. Mənim göstərişimlə bizim Qara dənizdəki donanmamızda gəmilərin sayı artırılacaq. Yəni, çox böyük nəqliyyat bazarında Azərbaycan ciddi aktora çevrilib”.

Dövlət başçısı vurğulayıb ki, Zəngəzur Dəhlizinin reallaşması tarixi zərurətdir: “Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni, bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun və daha tez olsun”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu