Qənirə Paşayeva şəhid zabit Cəmil Nəcəfovun anası ilə görüşüb


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva şəhid zabit Cəmil Nəcəfovun anası ilə görüşüb.


Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qarşıdan gələn Novruz bayramı münasibətilə Azərbaycan Vətən Müharibəsinin şəhidi, Silahlı Qüvvələrin baş leytenant Cəmil Nəcəfovun anası Mətanət Nəcəfova ilə görüşüb.

Milli Məclisin Mədəniyyət Komitəsində baş tutan görüşdə, şəhid anasının qayğıları öyrənilib, ürək sözləri dinlənilib.

Komitə sədri müstəqil Azərbaycan Respublikası ali rəhbərliyinin şəhid ailələrinə yüksək həssasiyyətindən danışıb, həmin həssasiyyətin hər bir Millət vəkili üçün də örnək olduğunu deyib. O, milli bayramımız Novruz ərəfəsində keçirilən görüşün, ümumiyyətlə şəhid anaları ilə hər bir görüşün onunçün çox doğma görüş olduğunu söyləyib, şəhid zabitin əziz ruhuna ehtiramını bildirib:

“Əziz şəhid anası, hər əziz gündə, bayramlarda ilk anılacaq insanlar sırasında öndə Siz şəhid anaları gəlirsiz. Sizi bayram münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm!

Ulu Tanrıya şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır qisas alınıb. Şuşada, Laçında, Kəlbəcərdə…bayrağımız dalğalanır, ordumuz güclüdür - öz üzərinə düşən vəzifələrə uyğun olaraq istənilən ali tapşırığı yerinə yetirməyə qadirdir. Vətən uğrunda canını qurban vermiş qəhrəman övladınızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında sayğılarla baş əyirik.

Ruhları şad olsun”!

Görüşdə “UNİTY-Company”in təsisçisi Fikrət Əliyev iştirak edib. Şəhidimizin həyat və döyüş yolu ilə yaxından maraqlanan F.Əliyev, şəhid ailələri ilə görüşün hər bir ziyalı, hər bir işadamı və vətəndaş cəmiyyətinin hər bir fəalı üçün də mənəvi borc olduğunu bildirib. O, şəhidimizin anasını və onun timsalında ailənin bütün üzvlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Görüşün sonunda Mədəniyyət Komitəsi və “UNİTY-Company” adından şəhid anasına bayram hədiyyələri təqdim edilib.

*
Cəmil Nəcəfov 24 iyun 1993-cü ildə Bakıda dünyaya göz açıb. 1999-2007-ci illərdə Binəqədi rayon H.Hüseynov adına 83 saylı məktəb-liseydə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indi MN Milli Müdafiə Universiteti nəzdindəki H.Əliyev adına Hərbi İnstitut)

qəbul olunub. Hərbi məktəbi uğurla bitirən Cəmil, baş leytenant rütbəsi alıb.

Azərbaycan Ordusunun baş leytenantı olan Cəmil Nəcəfov 2016-cı ildə Aprel döyüşlərində ön cəbhədə olub. 2020-ci il sentyabrın 27-də başlanan ll Qarabağ müharibəsində iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub; 10 oktyabr 2020-ci ildə Cəbrayılda döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə, Azərbaycan Prezidentinin Sərəncamına əsasən Cəmil Nəcəfov yüksək "Qarabağ" ordeni ilə təltif edilib (09.12.2020).

O, həmçinin "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu