Qənirə Paşayeva şəhid Əsəd Həsənovun anası və bacısı ilə görüşüb - FOTO


Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuş Vətən müharibəsi şəhidi, kapitan Əsəd Fərhad oğlu Həsənovun (16.04.1988, İmişli – 01.10.2020, Ağdam) anası Mələk Həsənova və bacısı ilə görüşüb.


Bakıdakı “Gözəl Yaşam Mərkəzi”ndə baş tutan görüşdə rəşadətli zabitin anasının ürək sözləri dinlənilib, onunla ətraflı söhbət edilib.

Komitə sədri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid analarına yüksək həssasiyyətindən, diqqət və qayğısından söz açaraq, bu həssaslığın, diqqət-qayğının bütövlükdə cəmiyyətimiz üçün örnək olduğunu deyib.

Q.Paşayeva şəhid anaları ilə hər bir görüşün onun üçün çox doğma, əziz görüş olduğunu, “Rəşadət” ordenli şəhid anası ilə bu dəfəki görüşün ikiqat anlam daşıdığını vurğulayıb: “Əziz şəhid anası, biz Sizinlə 20 Yanvar – Ümumxalq Hüzn Günündə görüşürük. Sizin rəşdaətli oğlunuz o illərdə hələ 2 yaşındaydı. O illərdə baş verən hadisələri, xalqımızın başına gətirilən müsibətləri öyrənən və peşəkar hərbçi olaraq yetişən Əsəd Həsənov, bütün dövrlərdəki şəhidlərimizin qanını yerdə qoymamağa and içmiş fədakar oğullardan olub. O, öz andını qanı-canı ilə həyata keçirib, şəhadət şərbəti içib.

Bildiyiniz kimi, son üç ildə Şəhidlər Xiyabanını, respublikamızın hər yerində 20 Yanvar şəhidləri abidələrini ziyarətimiz yeni məzmun qazanıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Qarabağın simvol şəhəri, Mədəniyyət paytaxtımız əziz Şuşanın azad olunması xəbərini Dünya Azərbaycanlılarına məhz Şəhidlər Xiyabanından duyurdu. Biz böyük qürur hissi ilə bir daha vurğulayırıq ki, Şuşamızın işğaldan azad edilməsi, 44 günlük müharibədəki tarixi Zəfərimiz bütün dövrlərdəki şəhidlərimizin əziz ruhunu şad edib!

Ulu Tanrımıza çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb!

İşğalçı düşmən üzərində tarixi Zəfərdən sonra Qarabağda, Şərqi Zəngəzurda aparılan quruculuq işləri, erməni vandalizminin Azərbaycan quruculuq, abadlıq mədəniyyəti ilə əvəzlənməsi xalqımızın, Azərbaycan dostlarının fərəhi, qürurudur. Sizin şəhid oğlunuz məhz haqq işi uğrunda, ədalət uğrunda əlinə silah alıb, şəhadət şərbəti içib. Şəhid zabitimizin əziz ruhu qarşısında sayğılarla baş əyirik”!

Görüşdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, həkim-oftolmoloq Aygül Kərimzadə, “Yanardağ Xalça Evi”nin koordinatoru Məhbubə İmanova, “SARA XATUN – Mədəni Maarifçilik” İB sədri, Pərvanə Mustafayeva, “UMAY – Türk Dünyası Qadınlarına Dəstək” İB sədri Vəsilə Abulova, Azərbaycan Beynəlxalq İşadamları Klubu”nun sədri Gülpəri Bayramova iştirak edib.

Qeyd edək ki, şəhid hərbçimiz xidmət illərində Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013), “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal (26.06.2019); şəhid olduqdan sonra
“Vətən uğrunda” (15.12.2020), “Ağdamın azad olunmasına görə” (24.06.2021) medalları və Prezidentin 2021-ci il noyabrın 5-də imzaladığı Sərəncam əsasında 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

RUHU ŞAD OLSUN!




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu