Qənirə Paşayeva şəhid Hüseyn Nəcəfzadənin anası və xanımı ilə görüşüb - FOTO


Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Vətənə xidmətə görə” ordenli şəhid Hüseyn Abbasqulu oğlu Nəcəfzadənin anası Könül Nəcəfzadə və xanımı Atlas Nəcəfzadə ilə görüşüb.


Bakıdakı “Gözəl Yaşam Mərkəzi”ndə baş tutan görüşdə qəhrəman zabitin ailə üzvlərinin ürək sözləri dinlənilib, qayğıları öyrənilib. Komitə sədri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə yüksək diqqət və qayğısından söz açaraq, bu həssaslığın bütövlükdə cəmiyyətimiz üçün örnək təşkil etdiyini deyib.

Q.Paşayeva şəhid ailələri ilə hər bir görüşün onun üçün çox əziz görüş olduğunu, “Vətənə xidmətə görə” ordenli şəhid zabitin anası və xanımı ilə görüşün ikiqat anlam daşıdığını vurğulayıb: “Əziz şəhid anası və xanımı, biz Sizinlə 20 Yanvar – Ümumxalq Hüzn Günündə görüşürük. Əziz zabitimiz Hüseyn Nəcəfzadə Qanlı Yanvardan 7 il sonra doğulub.

90-cı illərdə baş verən hadisələri, xalqımızın başına gətirilən dəhşətli faciələri öyrənən və belə gedişatla barışmamaq dəyanəti ilə peşəkar hərbçi olaraq yetişən Hüseyn Nəcəfzadə, bütün dönəmlərdəki şəhidlərimizin qanını yerdə qoymamağa and içmiş qəhrəman Vətən oğullarından olub. Və o, öz andını qanı ilə, canı ilə həyata keçirdi, qəhrəmanlıqlar göstərərək, şəhadət şərbəti içdi.

Bildiyiniz kimi, son üç ildə Şəhidlər Xiyabanını, eləcə də, respublikamızın hər yerində 20 Yanvar şəhidləri abidələrini ziyarətlərimiz yeni məzmun qazanıb. Bəli, artıq qərənfillər Azərbaycanda xarıbülbül qoxuyur... Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Qarabağın simvol şəhəri, Mədəniyyət paytaxtımız Şuşanın azad edilməsi müjdəsini bütün Dünya Azərbaycanlılarına məhz Şəhidlər Xiyabanından duyurdu. Biz böyük fəxarət, qürur hissi ilə bir daha vurğulayırıq ki, əziz Şuşanın işğaldan azad edilməsi, 44 günlük müharibədəki tarixi Zəfərimiz bütün dövnəmlərdəki şəhidlərimizin ruhunu şad edib!

İşğalçı düşmən üzərində tarixi Zəfərdən sonra, düşmənin bir sıra hərbi təxribatlarının qarşısı da qətiyyətlə alındı.

Qarabağda, Şərqi Zəngəzurda aparılan quruculuq işləri, erməni vandalizminin Azərbaycan quruculuq, abadlıq mədəniyyəti ilə əvəzlənməsi xalqımızın, Azərbaycan dostlarının qüruru, sevincidir. Şəhid zabitimiz məhz haqq işi uğrunda, ədalət uğrunda əlinə silah alıb, şəhadət şərbəti içib. Şəhid zabitimizin əziz ruhu qarşısında sayğılarla baş əyirik”!

Görüşdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, həkim-oftolmoloq Aygül Kərimzadə, “Yanardağ Xalça Evi”nin koordinatoru Məhbubə İmanova, “SARA XATUN – Mədəni Maarifçilik” İB sədri, Pərvanə Mustafayeva, “UMAY – Türk Dünyası Qadınlarına Dəstək” İB sədri Vəsilə Abulova, Azərbaycan Beynəlxalq İşadamları Klubu”nun sədri Gülpəri Bayramova iştirak edib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi veteranı Hüseyn Abbasqulu oğlu Nəcəfzadə (11.10.1997, Saray, Abşeron – 16.09.2022, Kəlbəcər) 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olub.

Hüseyn Nəcəfzadə 2003-2015-ci illərdə Abşeron rayon Saray qəsəbə 1 saylı tam orta məktəbində təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdindəki Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda) ali hərbi təhsil alıb. Atlas Vələd qızı Nəcəfzadə ilə rəsmi nigahda idi.

Azərbaycan Ordusunun zabiti olan Hüseyn Nəcəfzadə 2020-ci il sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsində iştirak edib.

Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Nəcəfzadə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Hüseyn Nəcəfzadə 44 günlük müharibə başa çatdıqdan sonra baş leytenant rütbəsi alıb, Quru Qoşunlarının “Komando” briqadasının tərkibinə daxil olub və hərbi xidmətini bu briqadada davam etdirib.

Bəlli olduğu kimi, 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib, sərhəd toqquşması baş verib. Düşmən təxribatının qarşısının alınmasında iştirak edən baş leytenant Hüseyn Nəcəfzadə, 16 sentyabr 2022-ci ildə - Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Həmin ilin 17 sentyabr tarixində nəşi doğulduğu Abşeron rayonunun Saray qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Hüseyn Nəcəfzadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhid zabitimiz xidmət illərində “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı (26.06.2018), “Suqovuşanın azad olunmasına görə” (24.06.2021), “Vətən müharibəsi iştirakçısı” (10.02.2022) medalı ilə təltif olunub.

RUHU ŞAD OLSUN!




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu