Belçikada terror aktı hazırlamaqda şübhəli bilinən yeddi İŞİD tərəfdarı həbs edilib
Belçika Federal Prokurorluğu bir neçə şəhərdə axtarışlar apararaq Flandriyada terror aktı hazırlamaqda şübhəli bilinən İraq Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının yeddi nəfər tərəfdarını həbs edib.
AFN.az Belçika mətbuatına istinadən xəbər verir ki, saxlanılanların əksəriyyəti Çeçenistandandır, üçü Belçika vətəndaşıdır. "Söhbət iyirmi yaşlarında olan gənclərdən gedir, onların bəziləri artıq xırda cinayətlər törədiblər", - deyə yerli RTBF telekanalı prokurorun saxlanılanların profilinə dair şərhindən sitat gətirib.
Öz növbəsində, "La Libre Belgique" qəzeti prokurorluğa istinadən xəbər verib ki, şübhəlilər hələlik gələcək hücumun konkret hədəfini müəyyənləşdirməyiblər, lakin aktiv şəkildə silah axtarırmışlar.
Təhqiqat aparan hakimin həbs qərarı verib-verməyəcəyinə daha sonra qərar verəcəyi gözlənilir. "Potensial ittiham "terrorçuluq, öldürməyə cəhd, terror qruplaşmasının fəaliyyətində iştirak və terror aktı hazırlamaq" ola bilər", - federal prokurorluq belə bildirib.